İran Azərbaycanının Vərziqan şəhərində 7 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
İran xəbər agentliklərinin məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Şərqi Azərbaycan vilayətinin təcili yardım xidmətinin sözçüsü Vəhid Şadiniya jurnalistlərə ölənlərin sayının artması ehtimalı olduğunu bildirib. Onun sözlərinə görə, bu hadisə zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır.
Həmin rəsminin bildirdiyinə görə, mikroavtobus səhər saatlarında Vərziqan Azad Universitetinin qarşısındakı dərəyə düşüb. Şadiniya bildirib ki, qəza yerinə 6 təcili yardım maşını və bir helikopter göndərilib. Təbriz istiqamətində hərəkət edən mikroavtobus yerli turist daşıyırdı.
Vərziqan bölgəsi zəngin mis ehtiyatları və təmiz təbiəti ilə məşhurdur.
Aşan mikroavtobusun yayımlanan şəkillərindən və videolarından görünür ki, mikroavtobus ilk dəfə 1967-ci ildə istehsal olunmuş Mercedes-Benz O309 modelidir və uzun illər İranda bu model avtomobili “İran Khodro” şirkəti istehsal edib.
İranda köhnəlmiş avtomobillər, eləcə də qeyri-standart yerli istehsal avtomobillər və qeyri-standart təhlükəli yollar hər il ölümlə nəticələnən yüzlərlə yol qəzasına səbəb olur.
Forum