Accessibility links

Azərbaycan və İran ticarət əlaqələrini genişləndirmək istəyir


Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi

Mayın 10-da Azərbaycanın İranla Araz çayı üzərindən keçən sərhədində iki ölkənin baş gömrükçüləri ticarət və gömrük əlaqələrinin genişləndirməsinin vacibliyini vurğulayıb.

İRNA agentliyinin məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İranla aparılan danışıqların iki ölkə arasında ticarət mübadiləsinin səviyyəsinin və dəyərinin artmasına səbəb olacağına ümidvar olduğunu bildirib.

İran Gömrük İdarəsinin (İRİCA) rəhbəri Əlirza Müqəddəsi bildirib ki, Azərbaycan ilə qarşılıqlı fəaliyyət və ticarət əməkdaşlığı İran rəsmiləri tərəfindən həmişə vurğulanıb.

O əlavə edib ki, Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin gömrük işçiləri arasında mövsümi görüşlər davam etdirilir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan və İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 122 milyon 323 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin ilk rübünün nəticələri ilə müqayisədə 21 milyon 48 min ABŞ dolları və ya 20,8 % çoxdur.

Bunun 8 milyon 442 min ABŞ dolları Azərbaycandan İrana ixrac təşkil edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3 milyon 166 min ABŞ dolları və ya 60 % çoxdur.

Bu ilin ilk üç ayında Azərbaycan İrandan 113 milyon 881 min ABŞ dollarlıq məhsul və mal idxal edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17 milyon 882 min ABŞ dolları və ya 18,6 % çoxdur.

2022-ci il martın 11-də Bakı şəhərində Azərbaycanla İran arasında imzalanan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”na uyğun olaraq Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu yol Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də rola malik olacaq.

XS
SM
MD
LG