Accessibility links

İran Azərbaycanından olan fəallar Nərgiz Məhəmmədinin sülh mükafatını yüksək qiymətləndirir


Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi
Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi

Əslən türklərin yaşadığı Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layıq görülüb. Norveç Nobel komitəsi Nərgiz Məhəmmədini ölkədə qadınların zülmünə qarşı mübarizəsinə, insan haqları və azadlığın təşviqi uğrunda apardığı mübarizəyə görə 2023-cü ilin Nobel Sülh Mükafatını verib.

Hazırda Nərgiz Məhəmmədi Evin həbsxanasında həbs cəzası çəkməkdədir. O, dinc fəaliyyətlərinə görə, dəfələrlə həbs olunub və şallaq və uzun müddətli həbs cəzalarına məhkum edilib. Məhəmmədi özbaşına məhkəmələr adlandırdığı İran İslam Respublikasının məhkəmə qərarlarına etiraz etdiyi üçün həbsxanada fiziki təzyiqlərə məruz qalmaqla yanaşı həbs müddəti də artırılıb.

2016-cı ildə o, Tehranın Ümumi və İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat fəaliyyəti aparmaq”, “ölüm hökmünün ləğvi üçün kampaniya təşkil etmək” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olmaq” ittihamları ilə ümumilikdə 16 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin oktyabr ayında ümumi əfv sərəncamı çərçivəsində 4 ilə yaxın həbsdə qalandan sonra azad edilib. Lakin azadlığa çıxan Məhəmmədi, fəaliyyətlərinə görə, yenidən həbs edilib və hazırda Evin həbsxanasında 9 il həbs cəzası çəkməkdədir.

İrandakı siyasi məhbuslarla bağlı məlumatları dərc edən Iran Prison Atlas internet saytı onun türk etnikinə mənsub olduğunu qeyd edib.

Təbii ki, bu Zəncanlı türk qadınının Nobel Sülh Mükafatı alması xəbəri İran Azərbaycanından olan milli fəallar arasında da müxtəlif reaksiyalarla müşayiət olunub.

Əslən Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərindən olan milli fəal və jurnalist İbrahim Rəşidi bu mövzuda yazdığı qeyddə "20 ildə Şirin İbadi, Orhan Pamuk, Əziz Sancar və Nərgiz Məhəmmədi adlı 4 türkün" Sülh, Ədəbiyyat və Kimya Nobel Mükafatlarını qazandığına diqqət çəkib.

İbrahim Rəşidi (Savalan)
İbrahim Rəşidi (Savalan)

“[...] Amma bu illərdə Elnaz Rekabi və Nərgiz Məhəmmədi adlı iki Zəncanlı qadın öz əzmkarlığı və cəsarəti ilə hamının heyranlığını qazanmışlar və Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatının verilməsi illər boyu göstərdiyi müqavimətini təsdiq edir, buna görə də, Nərgizin şərəfinə onun üçün hər zaman narahat olan ailəsinə və dilsiz şəhərinə təbrik edilməlidir." -deyə qeyd edib.

Türkiyədə yaşayan Siyasi fəal və Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Araz da X hesabında Nərgiz Məhəmmədini təbrik edib. Bununla belə, onun təbrik mesajının tənqidi tərəfi də olub. Araz yazıb ki, “Xanım Nərgiz Məhəmmədi bir Azərbaycan türkü olaraq, İranda məzlum xalqların haqları ilə bağlı birbaşa fəaliyyət göstərməmişdir. Lakin “hamı üçün insan hüquqlarının və azadlıların təşviqi uğrunda mübarizə” hərtərəfli anlayışdır və məzlum xalqların hüquqlarını da ehtiva edir."

Araz, Nərgiz Məhammadini "Zəncandan olan bir azərbaycanlı olaraq" təbrik edib.

Ramin Cabbarlı
Ramin Cabbarlı

Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabarlı Amerikanın Səsinə bu barədə fikirlərini bölüşüb.

Cabbarlı, Məhəmmədinin İranda diktatura ilə apardığı siyasi mübarizəyə toxunaraq deyir ki, "O, bu mübarizəsi üçün həyatının ciddi bir bölümünü həbs və təzyiqlər kölgəsində yaşayır. Bu illər ərzində Nərgiz xanımın həbslərinə görə düşüncəsi və siyasi yanaşmasından daha çox ona qarşı təzyiqlər haqqında eşitmişik."

Sosyologiya üzrə tədqiqatçı və Ətəkyazı saytının redaktoru Ramin Cabbarlı İranda diktaturaya qarşı mübarizədə Nərgiz Məhəmmədinin siyasi fəaliyyəti haqqında deyir ki, Məhəmmədi ömrünün uzun illərini həbsdə keçirdiyi üçün onun fəaliyyətləri haqda məlumatımız onun yaxınlarından əldə etmişdik.

"Misal üçün, Nərgiz xanımın həyat yoldaşının söylədiyinə görə onun mübarizəsi cinsi, etnik və sinfi ayrıseçkiliyə qarşı bir mübarizədir. Ayrıca bir sıra İran müxalif fəalları kimi hazırkı İran rejiminə monarxiya kimi mürtəce alternativ düşünmədiyi də bəllidir."-deyə Cabbarlı ifadə edib.

Güneyli tədqiqatçı Evin həbsxanasında saxlanılan siyasi məhbus Nərgiz Məhəmmədiyə azadlıq arzulayır və onun ölkədə cinsi, etnik və sinfi ayrı-seçkiliklərə qarşı fəaliyyətinə imkan verilməsini ümid etdiyini deyir.

"İnanıram ki, belə olan halda təqdirə layiq qətiyyətli mübarizliyi ilə bağlı olduğu kimi siyasi yanaşmaları və addımları haqqında da tam aydın fikir bildirmək mümkün olacaqdır." - deyə o bildirib.

İsveçdə yaşayan siyasi fəal Duman Radmehr Amerikanın Səsi ilə söhbətində bildirib ki, bu xəbəri öyrəndikdən sonra öz sosial media səhifələrində təbrik mesajı paylaşıb.
Duman Radmehr
Duman Radmehr

Rademehr daha çox İran Azərbaycanında milli fəallar arasında müxtəlif reaksiyaları şərh edib. O, türk fəallar arasında Nərgiz Məhammadinin Nobel Sülh Mükafatını almasına milli fəalların əksəriyyətinin müsbət yanaşdığını bildirib, eyni zamanda Məhəmmədiyə qarşı olan bəzi kəskin tənqidi münasibətlərə də diqqət çəkib.

Radmehr, bəzilərinin bu yanaşmasına səbəb kimi İranda türklərin etnik hüquqları sahəsində Məhəmmədinin birbaşa fəaliyyət göstərməməsi olduğunu bildirir. O hesab edir ki, İranda azərbaycanlılara qarşı təzyiqlər sadəcə etnik hüquq məsələsi deyil, həm də demokratiya və diktatura ilə mübarizə də daxil olmaqla bir çox məsələləri ehtiva edir.

"Nərgiz Məhəmmədini təbrik etməyimizin səbəi buna görədir ki, onun fəaliyyət sahələri yeri gəlmişkən bizi də əlaqələndirir. O, İranda demokratiya üçün çalışıb, qadın hüquqları üçün çalışıb və diktaturaya qarşı mübarizə aparıb. Bunların hamısına türklərin də ehtiyacı var, payı var və məsuliyyət daşıyır." - deyə siyasi fəal ifadə edib.

Duman Radmehr bildirib ki, kaş Nərgiz Məhəmmədi etnik qrupların, o cümlədən azərbaycanlıların hüquqları ilə bağlı daha fəallıq göstərəydi, amma hər hansı bir səbəbdən dolayı bu olmayıbsa, onun digər dəyərli fəaliyyətlərini də görməzdən gəlmək doğru olmaz.

Forum

XS
SM
MD
LG