Accessibility links

Ekspert İranın Azərbaycanla münasibətlərinin tezliklə normallaşacağı barədə bəyanatlarını real saymır


 Prezident İlham Əliyev İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib (Arxiv foto. Mənbə: Azərbaycan Prezident Administrasiyası)
Prezident İlham Əliyev İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib (Arxiv foto. Mənbə: Azərbaycan Prezident Administrasiyası)

İran Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunmasına çox ciddi zəmanət verir.

İRNA agentliyinin məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kanani iyulun 10-da Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Naser Kanani (Rəsmi foto)
Naser Kanani (Rəsmi foto)

O bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə səmərəli görüşləri olub.

“İran-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunur. İran diplomatik korpusun təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edir. Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq və biz ümid edirik ki, səfirliyin açılışını yaxın gələcəkdə görəcəyik”, Nasir Kanani vurğulayıb.

Möhsün Pakayin (Arxiv foto)
Möhsün Pakayin (Arxiv foto)

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakaein İRNA agentliyinə bildirib ki, İran xarici işlər nazirinin Azərbaycan hakimiyyəti ilə apardığı müzakirələr anlaşılmazlıqların aydınlaşdırılmasına, iki qonşu və qardaş ölkə arasında münasibətlərin genişləndirilməsinə zəmin yaradılmasında mühüm rol oynayıb.

“Bu görüşlər zamanı məlum oldu ki, rəsmi Bakı əlaqələri gücləndirmək, mübahisələrin həlli və münasibətlərin yaxşılaşdırılması üçün diplomatik vasitələrə əl atmaq arzusundadır və bu mövqeni İran alqışlayır”, keçmiş səfir deyib.

Azərbaycan səfirliyinə silahlı hücumla bağlı insident barədə İran məhkəmə sisteminin bundan sonra atacağı addımlara gəlincə, o deyib ki, Tehranla Bakı arasında gərginliyə səbəb olan məsələlərdən biri də hücum edən şəxsin məhkəməsidir.

“İran hakimiyyəti bu hücumu bütün səviyyələrdə birmənalı şəkildə pisləyib. İlham Əliyev İranın xarici işlər naziri ilə görüşündə ölkə səfirliyinə hücuma görə məsuliyyət daşıyanların “ədalətli” cəzalandırılacağına ümid etdiyini bildirib. Ona məlumat verilib ki, bu məsələ ilə bağlı ədliyyə orqanları tərəfindən hüquqi prosedurlar başlanılıb və məhkəmə orqanının sözçüsündən verilən son açıqlamaya görə, məsələ ciddi şəkildə araşdırılır. Azərbaycanın məhkəmə sisteminin də işdə qalan qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün İranın məhkəmə sistemi ilə əməkdaşlıq edəcəyi gözlənilir. Ümumiyyətlə, ümid edilir ki, xarici işlər nazirinin Bakıya səfəri münasibətlərin həllini sürətləndirəcək”, Möhsün Pakaein bildirib.

O həmçinin yazıb ki, Azərbaycan Prezidenti ölkəsinin regionda nəqliyyat maneələrini aradan qaldırmaq niyyətini ifadə edib.

“Azərbaycan Prezidenti həmçinin ölkəsinin regionda nəqliyyat dəhlizlərinin blokunu aradan qaldırmağa çalışdığını bildirib. Bu mövqe müsbət qiymətləndirilir və Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının həllinə kömək edə bilər. İran ardıcıl olaraq vurğulayır ki, Bakının nəqliyyat marşrutlarına mane olmaq və ya beynəlxalq sərhədləri dəyişdirmək niyyəti yoxdur. Biz inanırıq ki, bu region daha geniş region üçün mühüm nəqliyyat marşrutu olmaq potensialına malikdir və İran bu məqsədin həyata keçirilməsini asanlaşdırmaq üçün öz imkanlarından istifadə etməyə hazırdır. Nəqliyyat şəbəkələrinə gəlincə, KİV-də yayılan xəbərlərdə bildirilir ki, Azərbaycan prezidenti öz ölkəsinin Rəşt-Astara dəmir yolunun tikintisində iştirak etməyə hazır olduğunu bəyan edib. Bu yaxınlarda İran bu layihə üçün Rusiya ilə müqavilə imzalasa da, həm İran, həm də Rusiya Azərbaycanın iştirakını alqışlayır. Yaxın vaxtlarda Rəşt-Astara dəmir yolunun tikintisi və onun icrasını sürətləndirmək üçün Tehran, Bakı və Moskvanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır”, keçmiş səfir bildirib.

Onun firkincə, İran və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi bəzi üçüncü tərəfləri, o cümlədən “sionist rejimini” narazı sala bilər.

“Hər iki ölkənin ehtiyatlı olması və düşmənlərinin təlqinlərinin təsirinə düşməməsi mühümdür. Cənab Əliyev bəyan edib ki, “hökuməti heç vaxt imkan verməyəcək ki, regiona və İrana qarşı hər hansı təhlükə Azərbaycan torpaqlarından qaynaqlansın”. Bu, münasib mövqedir və bu mövqenin ardıcıl şəkildə təsdiqlənməsi İsrailin Tehran-Bakı münasibətlərinə xələl gətirmək səylərini məyus edəcək”, o qeyd edib.

Sədrəddin Soltan (Arxiv foto. Mənbə: VOA)
Sədrəddin Soltan (Arxiv foto. Mənbə: VOA)

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, münasibətlərdəki ziddiyyətlərin aradan qaldırılması üçün İran tərəfindən hər hansı ciddi addım atılmayıb.

“İran tərəfi Azərbaycana vəd verib ki, Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək və səfirliyə hücum edən şəxsi sərt cəzalandıracaq. Hələ ki, nə səfirliyə hücum edən şəxs cəzalandırılıb, nə də səfirliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi addım atılmayıb. Bundan əlavə, Azərbaycan tərəfi səfirliyə silahlı hücumu terror hadisəsi kimi, İran tərəfi isə məişət hadisəsi kimi dəyərləndirir. Digər tərəfdən, münasibətlər İran tərəfindən gərginləşdirilib. Ona görə də İran münasibətləri gərginləşdirən amilləri aradan qaldırmalıdır. Bu amillər aradan qaldırılandan sonra münasibətlər normallaşa bilər, diplomatik münasibətlər də əvvəlki məcrasına qayıda bilər”, ekspert qeyd edib.

O həmçinin deyib ki, indiki anda Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağından danışmaq “absurddur ”.

İran xarici işlər nazirinin Azərbaycana dəvət olunmasına gəlincə, ekspert deyib ki, İran Qoşulmama Hərəkatının üzvüdür və Azərbaycan bütün üzv ölkələri, o cümlədən də İranı hərəkatın xarici işlər nazirlərinin sammitinə dəvət edib.

“Burada Azərbaycan tərəfinin İran xarici işlər nazirini ölkəyə dəvət etməsini xüsusi vurğulamaq yersizdir. İran ilk öncə Azərbaycanla münasibətlərin pozulması istiqamətində atdığı addımlardan imtina etməlidir. Bundan sonra münasibətlərin normallaşmasından danışmaq olar”, ekspert qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG