Rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinə hücumun araşdırılması məsələsinə toxunub.
“Azərbaycan səfirliyinə hücumun araşdırılması məsələsi ölkənin siyasi, təhlükəsizlik və məhkəmə-hüquq sferalarında hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə diqqətlə izlənilib".
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iyulun 3-də keçirilən brifinqdə bildirib.
O, əlavə edib ki, ölkəsinin ədliyyə qurumu bu məsələ ilə ciddi məşğul olub və yaxşı nəticələr əldə edib.
“Bildiyimə görə, sabah məhkəmə hakimiyyətinin nümayəndəsinin iclası olacaq və bu sualı ona vermək olar,” Kənani qeyd edib.
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Rəsmi Bakı isə Tehranı bu hücumun araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edir.