İyunun 23-dən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər.
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
Bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 3-də Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Bununla yanaşı, Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian bu il aprelin 8-də və 14-də, iyunun 8-də telefon danışığı zamanı iki ölkə arasındakı son gərgin durumu müzakirə edib.