Accessibility links

Təbrizdə 5 siyasi fəal həbs edilib


Hüquq müdafiəçiləri Təbrizdə 5 siyasi fəalın İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair məlumat yayıblar.

İran Azərbaycanında insan haqları pozuntularına dair məlumat yayan Abbas Lisani adlı Telegram kanalının xəbərinə görə, türk fəallar Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri cümə axşamı günü nəzarət altına alınıblar.

Azərbaycan insan haqları cəmiyyəti (Ərk) bildriib ki, kəşfiyyat idarəsinin məmurları Davud Şirini evində saxlayıblar.

Məmurlar həbs edilən fəalların evində axtarış aparıb və onların kompüter, kitab, əlyazmaları və mobil telefon kimi şəxsi əşyalarını müsadirə ediblər.

Saxlanılan fəallardan bəziləri daha əvvəl də siyasi fəaliyyətləri səbəbilə həbs və mühakiməyə məruz qalıb. O cümlədən, milli fəal Davud Şirinin hazırda Təbriz İnqilab Məhkəməsində "İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti" göstərmək ittihamı ilə mühakimə prosesi davam edir.

Hüquq müdafiəçiləri fəalların qarşıdan gələn günlərdə keçiriləcəyi gözlənilən 2006-cı ilin may ayında baş verən etirazların ildönümü tədbirləri ilə əlaqadər saxlanıldığını bildirir.

2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi etiraz aksiyaları xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə yatırılıb.

XS
SM
MD
LG