Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İrandan Azərbaycana bibər və kivi idxal edən 17 şirkətə qadağa tətbiq edib.
AQTA-nın məlumatında deyilir ki, aparılan ekspertizanın nəticələrinə əsasən İrandan bu ölkənin şirkətləri tərəfindən Azərbaycana idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb.
“Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir. Bundan əlavə, İran şirkətləri tərəfindən gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıca” aşkarlanıb. Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub”, məlumatda qeyd edilir.
AQTA bildirir ki, aşkarlanan hallarla əlaqədar İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib.
“Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir. Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb”.
Aşkarlanan hallarla bağlı mayın 17-dən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını Azərbaycana idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
İran tərəfi AQTA-nın məlumatına hələ münasibət bildirməyib.