Accessibility links

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlər keçirilir


Azərbaycanda quş qripi ilə bağlı monitorinq (Rəsmi foto, mənbə AQTA)
Azərbaycanda quş qripi ilə bağlı monitorinq (Rəsmi foto, mənbə AQTA)

Azərbaycan ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlərə başlanıb.

Agentliyin məlumatına görə, monitorinqlərin keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarda çöl quşlarına ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanıb.

Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Quba, Xaçmaz, Cəlilabad, Biləsuvar, Beyləqan, Sabirabad və Abşeron rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrindəki, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib və epizootoloji məlumatlar toplanaraq təhlil edilib.

Monitorinqlər dekabrın 16-dək davam edəcək.

Agentlik monitorinqin nəticələri ilə bağlı hələ açıqlama verməyib.

Xatırladaq ki, Azərbaycan ərazisində köçəri quşların qışlaması başlayıb. Ölkə ərazisində köçəri quşların qışlaması 2023-cü ilin martınadək davam edəcək.

XS
SM
MD
LG