Rusiyadan Azərbaycana gətirilən qida məhsullarında parazitlər aşkar edildiyindən məhv edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, “Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan idxal olunan dondurulmuş putassu balığında “anizakislər” (parazitlər) aşkar edilib, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
“Bununla bağlı istifadəyə yararsız olan 7320 kiloqram məhsul partiyası agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib. Həmçinin Azər Məmmədli tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiylarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız olan 4980 kiloqram məhsul partiyası agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib,” AQTA bildirir.
Xatırladaq ki, dekabrın 10-dan Rusiya Azərbaycandan bu ölkəyə ixrac olunan bir sıra məhsulları, o cümlədən pomidor və alma məhsullarını buraxmayıb. Rusiya qərarını idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanması ilə izah edib.