İran Azərbaycanının şəhərlərində milli fəallar 2006-ci ilin "may qiyamı" etirazlarının ildönümünün ərəfəsində xalq arasında vərəqələr paylayaraq, küçələrin müxtəlif yerlərində afişalar asır.
Paylaşılan görüntülər Ərdəbil şəhərindəki milli fəalların geniş şəkildə afişalar asdığı və xalq arasında broşuraların paylandığını göstərir.
Ərdəbil şəhərində quraşdırılan afişalarda son illərdə İran Azərbayanında etiraz aksiyalarında və habelə stadionlarda dəfələrlə səsləndirilən "Azadlıq, ədalət, milli hökumət" şüarı yer alıb və onunla birlikdə "May qiyamını unutma” yazısı da dərc edilib.
Ərdəbil şəhərində quraşdırılan afişalarda "Azərbaycan Milli Hərəkatı Azərbaycan türk millətinin azadlıq səsidir" yazılıb.
"Rasizmə son qoyun", "Türk dilində mədrəsə", "Qadın və kişi bərabərdir", "Mədənlərimizin talanmasını dayandırın" və " Müəllimlərimiz və işçilərimizin haqları verilməlidir" şüarları həmin vərəqələrdə qeyd edilib.
Son günlər Azərbaycanın müxtəlif şəhərlərində milli fəallar Təbriz, Urmiyə, Marağa, Çaharburc, Qoşaçay, Kərəc, Qum və Binab şəhərlərində İslam Respublikasına qarşı etiraz olaraq, vərəqələr paylayıblar. Həmin vərəqələrdə xalqdan etiraz aksiyası keçirməyə dəvət olunub.
Son yayılan məlumata görə, Ərdəbil fəalları da İran Azərbaycanının digər şəhərlərindəki kimi 2006-cı ilin mayındakı kütləvi etirazların ildönümü münasibətilə vərəqələrin paylanması dalğasına qoşulduğu bildirilir.
2006-cı ilin may ayında türklər "İran" adlı dövlət qəzetində yayımlanan türklərə qarşı aşağılayıcı karikaturalı məqaləyə etiraz olaraq, İran Azərbaycanının müxtəlif şəhərlərində, genişmiqyaslı etiraz aksiyaları keçirdilər. İran Azərbaycanının bəzi şəhərlərində keçirilən həmin etiraz aksiyaları, bir neçə etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə nəticələnmişdi.