Accessibility links

"May qiyamı" ildönümü ərəfəsində İran Azərbaycanında divar yazma və broşür yayma fəaliyyətləri aparılır


Son günlər 2006-cı il may ayında İran Azərbaycanının şəhərlərində keçirilən etiraz aksiyalarının ildönümü yaxınlaşdıqca, milli fəallar bu günü divarlara şüarlar yazıb xalq arasında broşürlər paylayaraq və şəhərlərin küçələrində plakatlar asmaqla qarşılayır.

Sosial mediada yayılan görüntülərə görə, Təbriz, Urmiyə və Sulduz şəhərlərində milli fəallar 2006-cı ilin mayında İran Azərbaycanının şəhərlərində baş vermiş kütləvi etirazların ildönümünü müxtəlif fəaliyyətlərlə, o cümlədən divar boyama və plakatlar asmaqla xalqa xatırladırlar.

Azərbaycan şəhərlərində milli fəalların xalq arasında yaydıqları broşürlərdə "azadlıq, ədalət, milli hökumət" şüarı yer alıb. Həmçinin həmin broşürlərdə İslam Respublikası hökumətinə qarşı etiraz etmək üçün insanları dinc etiraz aksiyaları keçirməyə dəvət edən "1 xordadda haqqını almağa ayağa qalx" şüarı da dərc edilib.

İran Azərbaycanında 2006-ci il may etirazları ildönümü ərəfəsində broşürlər dağıdılıb
İran Azərbaycanında 2006-ci il may etirazları ildönümü ərəfəsində broşürlər dağıdılıb

Təbrizdə bəzi milli fəallar 2006-cı ilin may etirazlarının ildönümünü şəhər divarlarına "Şəhidlər ölməz" yazısı yazaraq, həmin etiraz aksiyalarının qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Avropadakı güneyli fəallar 2006-cı il "may qiyamı" ildönümündə mayın 20-də Berlində "azadlıq, ədalət, milli hökumət yürüşü" adı ilə İran İslam Respublikasına qarşı etiraz aksiyası keçirməyə hazırlaşır.

2006-cı ilin may ayında türklər "İran" adlı dövlət qəzetində yayımlanan türklərə qarşı aşağılayıcı karikaturalı məqaləyə etiraz olaraq, İran Azərbaycanının müxtəlif şəhərlərində, genişmiqyaslı etiraz aksiyaları keçirdilər. İran Azərbaycanının bəzi şəhərlərində keçirilən etiraz aksiyaları, bir neçə etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə nəticələnmişdi.

XS
SM
MD
LG