22 May hadisələrinin ildönümü ərəfəsində İran Azərbaycanının mərkəzi şəhəri Təbrizin müxtəlif bölgələrində Güney Azərbaycan fəalları tərəfindən plakatlar yapışdırılıb. Plakatlarda İranda azərbaycanlılara qarşı sistematik zülmlərdən bəhs edilir, azərbaycanlı qadınların və müəllimlərin üzləşdiyi problemlər vurğulanır.
Bu barədə Güney Azərbaycanın Səsi internet resursu Twitter hesabında bildirib.
Güney Azərbaycanın Səsi internet resursu bildirir ki, Güney Azərbaycanın (İran Azərbaycanı-red) Bonab, Qoşaçay (Miandoab), Marağa və Çahar Borc kimi müxtəlif şəhərlərində 22 May hadisələrinin ildönümünü ilə bağlı Güney Azərbaycanlıların Berlində keçiriləcək "Azadlıq, Ədalət, Milli Hökumət" mitinqinə dəstək verən plakatlar yayılıb.
Xatırladaq ki, mayın 20-də Berlində Avropada yaşayan İran Azərbaycanı, Qaşqay, Xorasan və Türkmən Səhra türklərinin "Azadlıq, Ədalət, Milli Hökumət!" şüarı ilə ikinci mitinqi keçiriləcək. Bundan öncə eyni şüarla Brüsseldə mitinq keçirilib.
2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində bu ölkədə yaşayan milyonlarla Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə İran Azərbaycanında kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar. Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib.
Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində azı 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində bu tarixi gündə - Birinci Xordad hadisələri adlandırılan bu nümayişlər zamanı həlak olanların xatirəsini yad edir.