Accessibility links

Təbrizdə həbs edilən 6 vətəndaşa ümumilikdə 16 il həbs cəzası verilib


Təbrizdə oktyabrın 26-sı, Şəhnaz məhəlləsində etiraz aksiyası
Təbrizdə oktyabrın 26-sı, Şəhnaz məhəlləsində etiraz aksiyası

İranda kütləvi etirazlar zamanı Təbrizdə həbs edilən 6 vətəndaş həbs, sürgün və cərimə ödəməyə məhkum edilib.

Azərbaycan İnsan Haqları Təşkilatının Twitter hesabında bu vətəndaşlara məhkəmə tərəfindən verilən hökmün paylaşdığı görüntüsünə istinadən, Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri, hakim Rəhim Həmləbər tərəfindən Təbrizdə son kütləvi etirazlarla əlaqədar həbs edilən 6 vətəndaşa 16 il həbs, 10 il sürgündə həbs və cərimə ödəmə cəzası verilib.

Human Rights in İran saytının yaydığı məlumata görə, Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən bu etirazçı vətəndaşlar "müharibə" ittihamından günahkar tanınıblar.

Pejman İslami ittiham üzrə birinci dərəcəli müttəhim kimi tanınaraq, Təbrizdə bank yandırmaq yolu ilə müharibə etmək ittihamına görə, Həmədan Mərkəzi Həbsxanasına sürgün edilməklə 5 il həbs və Toseeye Təavon bankına 5535000 rial, Sepəh bankına isə 108301000 rial məbləğində cərimə ödəməlidir.

İkinci dərəcəli təqsirləndirilən şəxs Bağır Tac Əhmədi eyni ittihamda iştirak etməklə suçlanaraq, eyni həbs cəzasına məhkum edilib. O, həmçinin Sepəh bankına 108301000 rial məbləğində cərimə ödəməlidir.

Mehdi Fənayi ittiham üzrə üçüncü dərəcəli təqsirləndirilən şəxs birinci dərəcəli müttəhimi banka yetişdirdiyi üçün muharibə suçunda iştirak etməklə günahkar tanınıb və 2 il həbs cəzasına məhkum edilib.

Dördüncü müttəhim Əmir Əhmədiyan birinci və ikinci dərəcəli təqsirləndirilənlərə bankları yandırmaları üçün benzin təmin edərək muharibədə iştirakçı olduğuna görə 2 il həbs cəzasına məhkum olunub.

Beşinci müttəhim Əlirza Şirdel və altıncı təqsirləndirilən şəxs Ümid Abdullah Beygi isə həmin ittihamla 2 il həbs cəzasına məhkum ediliblər.

Bu vətəndaşların məhkəmə iclası may ayının 13-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib.

Yayılan məlumata görə, adları çəkilən bu etirazçılar həbs edildikdən sonra İslam İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qurumunun təcridxanasında saxlanılıb və ağır işgəncələr altında dindiriliblər.

Sentyabrın 16-da Tehran şəhərində Məhsa Əmini adlı qızın məcburi hicab qaydalarına əməl etmədiyi üçün həbs edilməsi ardından polis qüvvələrinin zorakılığı nəticəsində həyatını itirməsindən sonra ölkədə baş qaldıran etirazlar fonunda bir çox şəhər kimi Təbriz şəhərində də çox sayda vətəndaş həbs edilib, fərqli təzyiqlərə məruz qalıb və etirazlarda iştirak edən bir neçə vətəndaş etiraz aksiyalarında repressiv qüvvələr tərəfindən öldürülüb.

XS
SM
MD
LG