Accessibility links

İran Azərbaycanında çörək çatışmazlığı əhalinin narazılığına səbəb olub


Təbrizdə bir çörəkçinin önündə növbə sırası
Təbrizdə bir çörəkçinin önündə növbə sırası

İran Azərbaycanının Urmiyə şəhərində yaranan çörək çatışmazlığı əhalinin narazılığına səbəb olub.

İLNA xəbər agentliyi bu barədə məlumat yayıb. Urmiyə çörəkçilərinin un kvotasının azalması ardından bu şəhərdə yaranan çörək qıtlığı çörəkxanaların qarşısında uzun növbələrə səbəb olub və əhali bu vəziyyətdən ciddi narazılıqlarını dilə gətirib.

Yayılan xəbərlər və əhalinin dediklərinə görə, onlar 10 ədəd lavaş almaq üçün saatlarla növbə gözləməli olurlar və un kvotası bitmədiyi təqdirdə, bir neçə saat növbə gözlədikdən sonra lazım olan çörəyi ala bilirlər.

Çörəkçilər onlara verilən un kvotasının azalmasını və nəticədə əvvəlki kimi müştərilərinə xidmət göstərə bilmədiklərini söyləsələr də, Qərbi Azərbaycan Çörəkçilər Birliyinin rəhbəri Urmiyədə yaranan qıtlığın səbəbini çörəyin ucuz olması ilə əlaqələndirib və çörəyin qiymətinin artırılması ilə bu çatışmazlığın həll olunacağını iddia edib.

Urmiyədə yaranan çörək qıtlığı bu şəhərin İran parlamentindəki millət vəkilinin də reaksiyasına səbəb olub. Salman Zakir parlametdəki çıxışında bu məsələyə toxunaraq, Qərbi Azərbaycan vilayətinin un kvotasının azaldılmasından şikayət edib.

Urmiyə meri Qulamhüseyn Əmmari Fars xəbər agetliyi ilə müsahibəsində vilayətin un kvotasının azaldılması və onunla bərabər çörək istehalakının artmasını yaranan çatışmazlığın əsas səbəbləri kimi qiymətləndirib.

Son aylar ərzində Urmiyədə çörək və toyuq qıtlığı bu şəhərdə mağazaların qarşısında yaranan uzun növbələrə səbəb olub. Əhali hökumətin dondurulmuş çörəyi və toyuq ətini almaq üçün saatlarla sırada durmaq məcburiyyətində qalırlar.

Yayılan xəbərlərə görə, bu vəziyyət sadəcə Urmiyədə deyil, İran Azərbaycanının digər bölgələrində də baş verib. Sosial mediada yayılan məlumata görə, Təbriz, Marağa və Ərdəbildə də çörək çatışmazlığı müşahidə edilib.

Ərdəbilin İran parlamentindəki millət vəkili də parlametindəki çıxışında Ərdəbildə yaranan çörək qıtlığından öz narazılığını bildirərək, Ərdəbildə un və çörək çatışmazlığı tez bir zamanda həll olunmalı olduğunu deyib və hökuməti bu məsələyə ciddi yanaşmağa dəvət edib.

XS
SM
MD
LG