Accessibility links

Avropa İttifaqı daha 7 iranlı rəsmini sanskiya siyahısına əlavə edib


Strasburqda İranda nümayişlərin qəddarlıqla yatırılmasına etiraz aksiyası
Strasburqda İranda nümayişlərin qəddarlıqla yatırılmasına etiraz aksiyası

Avropa İttifaqı (Aİ) iyunun 26-sı İrana qarşı insan hüquqları pozuntularına görə doqquzuncu sanksiya paketini qəbul edib. Rəsmi məlumata görə, İranda ciddi insan haqları pozuntularına görə məsul olan əlavə 7 şəxs sanskiya siyahısına əlavə edilib.

Sanksiya tətbiq edilən şəxslər arasında bu ilin mayında edam edilən üç etirazçının mühakiməsində iştirak edən İsfahan vilayətinin prokuroru və Vilayət Cinayət Məhkəməsinin hakim müavini də var. Sanskiya paketi həmçinin İsfahan vilayətindəki İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirini də hədəf alır.

İttifaqın sanksiya siyahısına əlavə etdiyi rəsmilər arasında Gilan vilayətinin qubernatoru, habelə Rezvanşəhr şəhərinin Təhlükəsizlik Şurasının rəhbəri və polis komandiri yer alır. Onlar 2022-2023-cü illərdə ümummilli etirazların yatırılması zamanı etirazçılara qarşı müstəsna zorakılıq, o cümlədən atəş açılması əmrini verməkdə günahlandırılır.

Mazandaran vilayətindəki Amol şəhərinin qubernatoru və Tehran yaxınılığındakı Kərəc şəhərinin İmam Hüseyn Mühafizə Korpusunun komandiri də dinc etirazçıların öldürülməsində və zorakılıqda əli olduğu üçün sanksiya siyahısına əlavə edilib.

Hazırda İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazların yatırılmasında, etirazçılara qarşı repressiyalara görə 223 fiziki şəxs və 37 qurum Avropa İttifaqı tərəfindən sanksiya edilib. Sanksiya siyahısında İranın hökumət, parlament, məhkəmə orqanlarının nümayəndələri, SEPAH və digər hüquq mühafizə orqanlarının yüksək səviyyəli məmurları yer alır.

Sanksiya tətbiq edilən şəxslərin aktivləri dondurulur, onların Avropa İttifaqı ərazisinə girişi qadağan edilir. Siyahıda olan şəxslər və qurumlara vəsait və ya iqtisadi resursların verilməsinə də qadağa qoyulur.

Avropa İttifaqı və üzv ölkələr növbəti dəfə İran hakimiyyətini dinc nümayişlərə qarşı zorakı repressiyaya son qoymağa, tənqidi səsləri susdurmağa yönəlmiş həbsləri dayandırmağa və haqsız yerə həbs edilənlərin hamısını azad etməyə çağırıb.

Aİ həmçinin İranı etirazçılara qarşı ölüm hökmü praktikasına son qoymağa, bütün məhbuslar üçün lazımi hüquqi prosesi təmin etməyə, habelə siyasi qazanc əldə etmək məqsədilə xarici ölkələrin mülki vətəndaşlarını həbs etmək kimi acınacaqlı təcrübəyə son qoymağa çağırıb.

İranın əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlarla əlaqədar bugünədək ən azı 7 nəfər edam edilib.

XS
SM
MD
LG