Accessibility links

Avropa İttifaqı İrana qarşı səkkizinci sanksiya paketini qəbul edib


Avropa İttifaqı mayın 22-si İrana qarşı insan hüquqları pozuntularına görə növbəti sanksiya paketini qəbul edib. Səkkizinci sanksiya paketi ötən həftə İranda daha üç etirazçının edam edilməsindən sonra elan edilib. Sanksiyalar insan haqları pozuntularına görə məsul olan əlavə 5 şəxs və iki qurumu hədəf alır.

İttifaqın sanksiya siyahısına daxil edilən şəxlər arasında Tehran polis bölməsinin komandiri, eləcə də İran polisinin sözçüsü yer alır. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sərmayələrini idarə edən SEPAH Kooperativ Fondu və Bəsic Tələbə Təşkilatı sanksiya siyahısına əlavə edilib.

İttifaqın rəsmi jurnalında yer alan məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin sentyabr ayından bəri İranda etirazların yatırılması zamanı 520-dən çox insanın ölümünə səbəb olub. 22 mindən çox insan həbs edilib.

SEPAH Kooperativ Fondu repressiyaları maliyyələşdirməkdə günahlandırılır. Sözügedən qurum bu ilin yanvarında ABŞ tərəfindən də sanksiya edilib.

Bəsic Tələbə Təşkilatının isə ötən ilin payızında İranda universitetlərdə baş verən etirazların qəddarcasına yatırılmasında, tələbələrə qarşı repressiya və təqiblərdən məsul olduğu deyilir.

“Sanksiyalar insan hüquqları pozuntularına görə, o cümlədən üç etirazçının edam edilməsi ilə ələqədardır. Biz bu edamları şiddətlə qınayırıq”, Aİ-nin baş diplomatı Cozep Borrell deyib.

İranda ötən ilin payızında keçirilən etirazların yatırılması fonunda baş verən insan hüquqları pozuntularına görə Avropa İttifaqı ümumilikdə 216 fiziki şəxsə və 37 quruma qarşı sanksiya tətbiq edib. Sanksiya edilənlərin aktivləri dondurulur, onlara vəsait və ya iqtisadi resursların verilməsi, habelə, Avropa İttifaqına girişi qadağan edilir.

Aİ İranı etirazçılara qarşı ölüm hökmü tətbiq etmək və icra etmək praktikasına son qoymağa, elan edilmiş ölüm hökmlərini ləğv etməyə, eləcə də bütün məhbuslar üçün ədalətli hüquqi prosesi təmin etməyə çağırır.

Ötən həftə İran daha üç etirazçını edam edib. Onlar ötən ilin noyabrında İshafan şəhərində üç polis əməkdaşını öldürməkdə günahlandırılıb. İran televiziyalarında onların ittihamı qəbul edən çıxışları yayımlanıb. Amnesty İnternational və digər insan hüquqları təşkilatları etirazçılara qarşı ittihamların saxta olduğunu, işgəncə və təzyiq altında qəbul etdirildiyini deyib.

İranın əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlarla əlaqədar bugünədək 7 nəfər edam edilib.

XS
SM
MD
LG