Avropa İttifaqı İranda son həftələrdə baş tutan etirazların zorakı yolla boğulmasına, repressiya və həbslərə görə bu ölkəyə qarşı yeni sanksiya paketini açıqlayıb.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri noyabrın 14-ü Brüsseldə İrandakı vəziyyəti müzakirə edib. Məhsa Amininin ölümü və etirazları zorakılıqla dağıtmaqda əli olan 29 şəxs və 3 qurum sanksiya siyahısına daxil edilib. Sanksiya olunan şəxslər arasında İran Daxili İşlər Naziri Əhməd Vahidi, habelə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək çinli məmurları yer alır.
“Biz bu gün İranı müzakirə etdik. Avropa İttifaqı etirazçıların qeyri-məqbul zorakılıqla dağıdılmasını qətiyyətlə pisləyir. Biz İran xalqının yanındayıq və onların dinc şəkildə etiraz etmək, tələb və fikirlərini sərbəst şəkildə bildirmək hüququnu dəstəkləyirik.” – deyə Avropa İttifaqın Baş Diplomatı Cozef Borrell bildirib.
Avropa İttifaqı ötən ay da insan hüquqları pozuntularına görə İrana qarşı sanksiyalar tətbiq etmiş, İran Əxlaq Polisinin yüksək rütbəli məmurlarını, İnformasiya və Kommunikasiya Texnologiyaları nazirini sanksiya siyahısına salmışdı. Sanksiya olunmuş şəxslərə qarşı səyahət qadağası gətirilir, aktivləri dondurulur. Telekommunikasiyaların monitorinqi və repressiya alətinə çevrilə biləcək digər avadanlıqların İrana ixracına da qadağa qoyulub.
Avropa İttifaqı İranı dinc nümayişçilərə qarşı zorakı repressiyaları dərhal dayandırmağa, saxlanılanları azad etməyə, internetə çıxışı bərpa etməyə çağırır. Bundan əlavə, Avropa İttifaqı İranı ölənlərin və saxlanılanların sayını dəqiqləşdirməyə, cavabdehləri məsuliyyətə cəlb etməyə çağırır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının bu qərarını qınayıb. Sanksiyaların əssasız və qanunsuz olduğunu deyib.
İran İnsan Hüquqları təşkilatlarına əsasən, bugünədək İrandakı nümayişlərdə 300-dən çox adam ölüb, 15 mindən çox etirazçı saxlanılıb. İran nümayişlərdə saxlanılan etirazçılardan birinə artıq ölüm hökmü çıxarıb.