Accessibility links

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri görüşüb


Moskvada Azərbaycan, Ermənistan və Rusiya Üçtərəfli İşçi Qrupunun iclası keçirilib (Arxiv foto, mənbə Rusiya hökuməti)
Moskvada Azərbaycan, Ermənistan və Rusiya Üçtərəfli İşçi Qrupunun iclası keçirilib (Arxiv foto, mənbə Rusiya hökuməti)

Dekabrın 6-da Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

Rusiya hökumətinin məlumatına görə, iclasda tərəflər Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.

"Görüş zamanı Azərbaycan, Ermənistan, Rusiya arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər. Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər", Rusiya hökumətinin məlumatında qeyd olunur.

Üçtərəfli işçi qrupunun iclası dekabrın 5-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun görüşündən sonraya təsadüf edir.

Sergey Lavrovun bildirdiyinə görə, görüşün əsas mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il və bu il oktyabrın 31-də Soçidə əldə edilmiş üçtərəfli razılaşmaların icrası ilə bağlı olub.

"Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılmasında, sərhədlərin delimitasiyasında, sülh müqaviləsinin bağlanmasında və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində, o cümlədən ictimai strukturlar, politoloqlar, parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Gündəliyimizə hər zaman regionda əməkdaşlıq, Xəzər məsələsi, çətin günlər yaşayan BMT, ATƏT, MDB-də təmaslar, eləcə də ümumi məkanımızda gedən digər proseslər daxildir", Rusiya xarici işlər naziri qeyd edib.

Ceyhun Bayramov isə deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı danışıqların üçüncü mərhələsi bu ilin sonuna qədər keçirilə bilər.

"Azərbaycan tərəfinin üçüncü şərhlər paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz düşünürük ki, cari ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkün görünür", o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG