Accessibility links

Azərbaycan 13 erməni hərbçisinin cəsədini Ermənistana verib


Noyabrın 28-də Azərbaycan Ermənistanın 13 hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, 2022-ci ilin sentyabrın 12-13 -də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.

"Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib" , məlumatda deyilir.

Rəsmi məlumatlara görə, Azərbaycan-Ermənistan sərhədində son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sentyabrın 16-da hökumətin iclasında bu ölkənin 135 hərbçisnin həlak olduğunu deyib. Onun sözlərinə görə, bu, son deyil, çoxsaylı yaralı var.

XS
SM
MD
LG