Accessibility links

Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh məsələlərini müzakirə edib


Cozef Borrell və Ceyhun Bayramov (Rəsmi foto, mənbə Avropa İttifaqı)
Cozef Borrell və Ceyhun Bayramov (Rəsmi foto, mənbə Avropa İttifaqı)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Polşanın Lodz şəhərində keçirlən 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borrell Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb.

Görüşlərin əsas leytmotivi Cənubi Qafqazda sülh və təhlükəsizlik, Avropa İttifaqına inteqrasiya məsələləri olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub.

Nazirlik bildirir ki, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparılıb.

Cozef Borrell və Ararat Mirzoyan (Rəsmi foto, mənbə Avropa İttifaqı)
Cozef Borrell və Ararat Mirzoyan (Rəsmi foto, mənbə Avropa İttifaqı)

"Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib" , məlumatda qeyd edilib.

Cozef Borrell, öz növbəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib. Avropa İttifaqının normallaşma prosesi üzrə səylərə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.

Cozef Borrell isə twitter hesabında yazıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə edib.

Cozef Borrellin Twitter səhifəsi
Cozef Borrellin Twitter səhifəsi

"Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın əməkdaşlığına ümid edirik" , Ali Nümayəndə qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dinamik inkişafından məmnunluq ifadə edilib, ikitərəfli gündəliyin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mirzoyan və Borrell regional sabitlik və təhlükəsizlik məsələlərinə də diqqət yetiriblər.

"Ermənistanın xarici işlər naziri Ermənistan tərəfinin Cənubi Qafqazda sülhün bərqərar olunmasına sadiqliyini qeyd edib və Aİ-nin bu istiqamətdə yardımını yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanın qeyri-konstruktiv mövqeyi və maksimalist istəkləri sülhə nail olmaq səylərinə mane olur və eskalasiya ehtimalını artırır. Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Həmsöhbətlər Aİ-nin monitorinq missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini vurğulayıb və onun fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib" , Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Cozef Borelin twitter səhifəsi
Cozef Borelin twitter səhifəsi

Cozef Borrell isə twitter hesabında yazıb ki, Ermənistan xarici işlər naziri ilə regionda sülhün qurulması və münaqişənin davamlı həllində irəliləyiş yolları müzakirə edilib.

"Aİ münasibətlərin normallaşması istiqamətində həm Ermənistan, həm də Azərbaycanı yaxından dəstəkləməyə sadiqdir" , o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG