Accessibility links

Azərbaycan-Rusiya danışıqları, Laçın koridoru və ekspert şərhi


Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foto, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foto, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 5-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşdə müzakirə olunan məslələrlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib.

Bayramov, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foro, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foro, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)

"Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub" , Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Geniştərkibli görüşdən sonra Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Azərbaycan arasında kommunikasiyanın yeni keyfiyyətlərini "sementləşdirən" müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasına xüsusi önəm verilir.

Lavrovun dediyinə görə, görüşün əsas mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il və bu il oktyabrın 31-də Soçidə əldə edilmiş üçtərəfli razılaşmaların icrası ilə bağlıdır.

"Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılmasında, sərhədlərin delimitasiyasında, sülh müqaviləsinin bağlanmasında və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində, o cümlədən ictimai strukturlar, politoloqlar, parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Gündəliyimizə hər zaman regionda əməkdaşlıq, Xəzər məsələsi, çətin günlər yaşayan BMT, ATƏT, MDB-də təmaslar, eləcə də ümumi məkanımızda gedən digər proseslər daxildir" , Rusiya xarici işlər naziri qeyd edib.

Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foro, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrov (Rəsmi foro, mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)

Görüşdən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib.

Konfrans zamanı nazirlər bəyanatlarla çıxış edib və medianın suallarını cavablandırıb.

"Biz əvvəlki kimi tərəflərə kömək etməyə hazırıq, prinsipial məsələləri müəyyən etmək vacibdir. Praqada dövlət başçılarının əldə etdikləri razılaşmalar əhəmiyyətli mərhələdir. Onlar bütün problemlərin BMT Nizamnaməsi və Alma-Atı Bəyannaməsi əsasında həll edilməsinə yönəldiklərini təsdiq ediblər" , Lavrov mətbuat konfransında deyib.

Qeyd edək ki, MDB-nin yaradılması haqqında 1991-ci il Alma-Atı Bəyannaməsində bütün iştirakçı dövlətlərin sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması nəzərdə tutulur.

Lavrov, həmçinin jurnalistlərə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə Moskva layihəsi haqqında danışıb.

"Moskva layihəsi çoxdan, hələ bu ilin əvvəllərində hazırlanıb və Rusiyanın ortaq baza tapmaq səylərinin göstəricisi olaraq tərəflərə təqdim edilib. Layihə hər iki ölkə tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycanın təklif etdiyi beş prinsip də təqdim edilib, daha sonra Paşinyanın bu prinsiplərə reaksiyası olub" , o bidlirib.

Lavrov eyni zamanda əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşündə Azərbaycan tərəfi mümkün sənədin növbəti versiyasını, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri öz əks təkliflərini təqdim ediblər.

Bayramov öz növbəsində qeyd edib ki, Bakı və Yerevan arasında münasibətlərin normallaşması üçün ən mühüm amil Rusiyanın iştirakı ilə üçtərəfli bəyanatların tam icrasıdır.

"Amma bir sıra hallar buna mane olur: erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmayıb, mina təhlükəsi davam edir" , o qeyd edib.

Bayramov qeyd edib ki, Azərbaycan ərazisində Ermənistanın 2021-ci ildə istehsal etdiyi 2700 mina aşkar edilib, bu da Laçın dəhlizindən təyinatına uyğun olmayan istifadəyə dəlalət edir.

Bayramovun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı danışıqların üçüncü mərhələsi bu ilin sonuna qədər keçirilə bilər.

"Azərbaycan tərəfinin üçüncü şərhlər paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz düşünürük ki, cari ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkün görünür" , Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda yaşayan ermənilərin də digər vətəndaşlarla eyni hüquqlara malik olacağına zəmanət verir.

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskva görüşündə Qarabağda ekoloji vəziyyəti də müzakirə ediblər.

"Biz müəyyən vaxtı bu mövzuya həsr etdik. Sizin də dediyiniz kimi, Azərbaycan idarələrinin nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin iştirakı ilə işlər həyata keçirdiyini qeyd etdik. Digər hallarda olduğu kimi, üçtərəfli bəyanatlarda əksini tapan razılaşmaların yerinə yetirilməsi mövzusu ilə bağlı azərbaycanlı həmkarlarımızda yaranan bütün suallar bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdə hərbiçilərimiz bununla fəal şəkildə məşğul olurlar" , Lavrov qeyd edib.

Şahin Hacıyev
Şahin Hacıyev

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanı Səsinə bildirib ki, nazirlərin görüşündən sonra keçirilən brifinqdə hər hansı yeni bəyanat olmayıb.

Şahin Hacıyev: Laçın koridoruna nəzarət Azərbaycanın mövqeyini xeyli gücləndirəcək
please wait

No media source currently available

0:00 0:04:11 0:00

"Lakin hər iki nazir kifayət qədər optimist görünürdü. Bu o deməkdir ki, indiyədək əldə olunan razılıqlar həyata keçirilməlidir".

Onun sözlərinə görə, əsas məsələ barədə bu gün Moskvada nazirlər yox, Qarabağda olan Rusiya sülhməramlılarının komandanı danışıb.

"Rusiya sülhməramlılarının komandanı elan etdi ki, sülhməramlılar Azərbaycanla birgə Laçında sərhəd-keçid məntəqəsi açacaqlar. Bu o deməkdir ki, Azərbaycan Laçın koridorunda hərəkəti nəzarətə alacaq. Moskva ilə bu barədə artıq razılaşma var. Çox güman ki, bağlı qapılar arxasında müzakirə edilən ən əsas məsələ bu olub. Bu gələcək münasibətlərə həlledici təsir edəcək bir hadisə olacaq" , o qeyd edib.

Ekspert bu ilin sonunadək sülh müqaviləsinin imzanması barədə fikirlərdən danışarkən deyib ki, “bunu demək çətindir. Sülh müqaviləsinin imzalanması Ermənistanda baş verən hadisələrdən asılı olacaq. Amma birmənalı demək olar ki, Laçın koridorunda nəzarət Azərbaycanın mövqeyini xeyli gücləndirəcək".

ABŞ Dövlət katibinin ikitərəfli danışıqlarla bağlı mövqeyinə gəlincə Şahin Hacıyev deyib ki, Azərbaycanın mövqeyi gücləndikcə, separatçı mövqedə olanların mövqeyi zəiflədikcə, sadə erməni vətəndaşların Azərbaycanla danışıqlara gəlmək həvəsi artacaq".

"Separatizmi gücləndirən amillər azaldıqca, onların Azərbaycan ərazsinə gəlişi məhdulaşdırıldıqca, silah gətirilməsinin qarşısı alındıqca təbii ki, mövqelərin dəyişməsi baş verəcək" , o qeyd edib.

Elə bu gün, özünü Artsaxın (Dağlıq Qarabağ-red) Milli Təhlükəsizlik Xidməti kimi təqdim edən qurum Berdzor (Laçın) dəhlizində guya Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı xəbərləri təkzib edib.

"Bu gün mediada və sosial şəbəkələrdə Rusiyanın Artsaxdakı (Dağlıq Qarabağ-red) sülhməramlı kontingentinin rəhbəri Andrey Volkovun müsahibəsi yayılıb və bunun əsasında Artsaxı Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan postunun yaradılacağı qənaətinə gəlinib. Artsax Milli Təhlükəsizlik Xidməti bu məsələ ilə bağlı Volkovla müzakirə təşkil etdi və o, dəhlizdə heç bir nəzarət-buraxılış məntəqəsinin olmayacağını, ona azərbaycanlıların nəzarət etməyəcəyini və orada azərbaycanlıların olmayacağını bildirdi. Volkovun sözlərinə görə, yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki nəzarət cihazlarının quraşdırılması nəzərdə tutulur. Yaxın vaxtlarda Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının rəhbərliyi bununla bağlı müvafiq bəyanatla çıxış edəcək" , Ermənistan mediasında yayılan mesajda deyilir.

XS
SM
MD
LG