Accessibility links

Dövlət Departamenti: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda konstruktiv atmosfer davam edəcək


Dövlət Departamentinin sözçüsü Ned Prays (Arxiv foto, mənbə VOA)
Dövlət Departamentinin sözçüsü Ned Prays (Arxiv foto, mənbə VOA)

“Biz, şübhəsiz ki, ümid edirik ki, iki ölkə arasında davamlı sülhə və problemlərin həllinə aparan diplomatiyanı dəstəkləməyə davam etdikcə, iki ölkə arasında dialoq və konstruktiv atmosfer davam edəcək.”

Bu barədə dekabrın 2-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi mətbuat brifinqi zamanı Turan agentliyinin müxbirinin Ermənistan-Azərbaycan münasibətləri və Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti ilə görüşündə Azərbaycanın danışıqların növbəti raundundan imtinası haqqında məsələlərə toxunulub-toxunulmaması və ABŞ-ın Aİ-nın rolunu üzərinə almaq niyyətinin olub-olmadığı ilə bağlı sualına cavabında bildirib.

“ABŞ Prezidentinin Prezident Makronla dünənki görüşünə gəlincə, mən Ermənistan və Azərbaycanla bağlı hər hansı potensial müzakirəni danışmağı Ağ Evə buraxacağam. Lakin bildiyiniz kimi, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox işləyib. Biz dövlət katibi Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycan arasında iki üçtərəfli görüş keçirmişik. O, tərəflərlə telefon əlaqəsi saxlamaqda davam edir.

Sonuncu dəfə bir yerdə olanda xarici işlər nazirləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər iki nazir görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildirib,” o qeyd edib

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir," Dövlət katibi bildirib.

Bununla yanaşı, noyabrın 26-da Rusiya və Azərbaycan prezidentləri telefon danışığı zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasının yerinə yetirilmə durumu müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Azərbaycanın Ermənistanla danışıqlarda Fransanın iştirak etməsini istəmədiyini bildirib və bu səbəblə dekabrın 7-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının başçısı Şarl Mişelin iştirakı ilə dördtərəfli görüşün keçirilməyəcəyini deyib.

Mövzuya uyğun

XS
SM
MD
LG