Accessibility links

AXCP qurultayının nəticələrinin etibarsız sayılması barədə məhkəmə qərarına etiraz edir


AXCP-nin qurultayı (Arxiv foto. Mənbə: AXCP)
AXCP-nin qurultayı (Arxiv foto. Mənbə: AXCP)

İyulun 5-də Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ötən il iyunun 24-də keçirilmiş qurultayının nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edib.

Bu qətnamə qurultayın yalnız bir iştirakçısı, Aydın Əliyevin şikayəti əsasında qəbul edilib.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirib.

"Keçən il iyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı olub, qurultayda sədr və partiyanın daxili qurumlarına seçkilər keçirilib, qərarlar verilib. Aydın Əliyev Nəzarət-Təftiş Komissiyasının sədri kimi qurultaya hesabat vermək əvəzinə, qurultayın tribunasından əsassız çıxış üçün istfadə edib. O qurultaydan əvvəl bütün konfrasların sənədlərini təftiş edib, lakin çıxışı faktlara və sənədlərə əsaslanmayıb. Bundan sonra Aydın Əliyev qurultayı yarımçıq tərk edib və seçkiləri müşahidə etməyib. İndi isə məhkəməyə şikayət edib və məhkəmə onun şikayətini təmin edib, qurultayda qəbul edilmiş qərarları etibarsız sayıb", Seymur Həzi qeyd edib.

Onun sözlərinə görə, partiyanın qurultayı mətbuat üçün açıq olub və seçkilər tam şəffaf keçirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də məhkəmənin qərarının qanunsuz olduğunu bildirib.

“Qurultay mətbuata açıq keçirilib. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub. Mən qurultayda gizli səsvermə yolu ilə, yekdilliyə yaxın səs çoxluğu ilə (yalnız bir nəfər əleyhinə olmaqla) sədr seçilmişəm. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub, jurnalistlər tərəfindən çəkilib və ictimaiyyətə təqdim olunub. Ötən 1 il ərzində Ədliyyə Nazirliyi mənim sədr seçilməyim haqqında Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını qanunsuz olaraq, siyasi tapşırıqla dövlət reyestrinə daxil etməyib. Paralel olaraq hakimiyyət tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinin etibarsız hesab edilməsilə bağlı sifarişli məhkəmə prosesi başladılıb. Bu gün (iyulun 5-də) məhkəmə prosesi birinci instansiya məhkəməsində başa çatıb. Nəsimi Rayon Məhkəməsi qurultayın nəticələrini etibarsız hesab edib”, partiya sədri qeyd edib.

O əlavə edib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

“Apellyasiya Məhkəməsinin qərarına qədər qurultayın qərarları qüvvəsindədir. Bu məhkəmə qərarları Azərbaycan Xalq Cəbhəsi Partiyasının partiya olaraq qeydiyyatını şübhə altına almır. Rejimin dərdi məni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi tanımamaqdır”, Əli Kərimli qeyd edib.

Onun sözlərinə görə, partiyaya qarşı şikayət verən Aydın Əliyev 2019-cu ildə təşkilatdan xaric edilib. Sonradan 2020-ci ildə məhkəmə onu Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edib.

Aydın Əliyev isə Amerikanın Səsinə bildirib ki, Nəzarət-Təftiş Komissiyasının sədri kimi partiya nizamnaməsinin pozuntularını qeydə almaq onun vəzifə səlahiyyətinə aiddir.

“Mən Nəzarət-Təftiş Komissiyasının sədri kimi partiyanın şəhər və rayon təşkilatlarının konfranslarında iştirak etmək istəyimə baxmayaraq imkan verməyiblər və partiya sənədləri ilə tanış olmaqdan kənarlaşdırıblar. Bu səbəblərdən AXCP-nin qurultayının nəticələrinin etibarsız hesab edilməsi barədə “Siyasi Partiyalar haqqında” qanunun 21.5 maddəsinə (Siyasi partiyanın üzvü siyasi partiyanın orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və məhkəməyə müraciət edə bilər) uyğun olaraq 8 avqust 2023-cü ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişəm. Bir ilə yaxın çəkən məhkəmə çəkişməsindən sonra məhkəmə mənim iddia ərizəmi təmin edib, qurultayın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edib. Məhkəmənin qətnaməsi məni qane edir. Qətnamənin yerinə yetirilməsi üçün sonadək mübarizə aparacam. Mən istəyirəm ki, AXCP qurultayı yenidən keçirilsin, partiya sağlamlaşsın, nizamnaməyə uyğun olaraq yeni seçkilər keçirilsin”, o qeyd edib.

Xatırladaq ki, 2023-cü il yunun 24-də keçirilən AXCP qurultayı növbəti dövr üçün partiyanın sədrini, nəzarət təftiş komissiyasını seçib, məclis üzvlərini təsdiq edib. Qurultaydan sonra AXCP reyestrdən keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi qurultayın qərarlarının reyestrə salınmasından imtina edib. Buna səbəb kimi Aydın Əliyevin məhkəməyə müraciət etməsi göstərilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası hazırki iqtidarın siyasətini kəskin tənqid edən müxalifət partiyası kimi tanınır. Bu partiya digər siyasi partiyalardan fərqli olaraq hazırkı iqtidarla dialoq forumu adlandırılan tədbirlərdə iştirak etmir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG