Accessibility links

AXCP fəalının saxlanıldığını bildirir


Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Mehman Əliyevin sosial şəbəkələrdə video yaydığına görə həbs olunduğunu bildirir.

Mehman Əliyevin atası Aydın Əliyev də bildirib ki, oğlu Şirvan şəhərində qohumu Əli İsayevin zorla saxlanılmasına dair videokadrları yaydıqdan sonra saxlanılıb.

“Bu, bir həftə əvvəl baş verib. Mehman səs-küyə çıxıb, görüb ki, mülki geyimli şəxslər Əlini saxlamağa çalışırlar. Əli qışqıraraq deyib ki, onu narkotik maddələrin yayılmasında günahlandırmaq istəyirlər. Mehman baş verənləri telefonu vasitəsi ilə çəkməyə başlayıb və Əlinin üstündə axtarış aparılmasını təklif edib. Ancaq mülki geyimli şəxslər onu zorla maşına mindirməyə davam ediblər. Həmin vaxt Əli etiraz olaraq kəsici aləti qoluna çəkməklə, özünə qəsd etməyə cəhd edib. Bundan sonra onu sərbəst buraxıblar", Aydın Əliyev bildirib.

Daha sonra polis videonun silinməsini istəyib, lakin Mehman imtina edib.

Nəticədə həm Əli İsayev, həm də Mehman Əliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.

“Dünən Mehman zəng edib bildirdi ki, Kürdəxanı İstintaq Təcridxanasındadır və polis tərəfindən ağır döyülüb. Onu heroin satmaqda ittiham edirlər. Bu, doğru deyil, o, günəmuzd işləyirdi", ata qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Əliyevin bu partiyanın üzvü olduğunu təsdiqləyib və onun həbsini videonun yayılması ilə əlaqələndirib.

Baş verən hadisə ilə bağlı “Azadlıq”qəzetinin Facebook səhifəsində video da yayılıb.

Bir dəqiqəlik süjetdə öz əlini kəsən adamın tutulması cəhdinə dair görüntülər yer alıb. Sonra audio qeydi gəlir və bildirilir ki, polis əməkdaşı Əliyevi polisə gəlməyə və videonu silməyə razı salmağa çalışır.

Başqa bir audio qeyddə iddia edilir ki, polis əməkdaşları Əliyevin anasından tələb ediblər ki, Əliyev videonu silsin, yoxsa saxlanılacaq.

Mayın 24-də Daxili İşlər Nazirliyi bildirib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub.

“Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslər - Şirvan şəhər sakinləri 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu və 1983-cü il təvəllüdlü Əliyev Mehman Aydın oğlundan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb”, nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Forum

XS
SM
MD
LG