Accessibility links

Televizor pultunun batareyasını udan AXCP fəalının müalicəsi davam etdirilir


Elxan Əliyev
Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev həbsxana xəstəxanasının karserinə (cərimə təcridxanası) salınıb. Həkim onun həyat yoldaşına bildirib ki, Əliyevin udduğu televizor pultunun batareyası təbii yolla orqanizmdən xaric olunub. Lakin müxalifətçi özü bunu təkzib edib.

Mayın 27-də Apellyasiya Məhkəməsində Əliyev əsassız hesab etdiyi cinayət təqibinə qarşı etiraz əlaməti olaraq televizorun pultunun batareyasını udduğunu bildirib.

Bundan sonra o, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib.

Mayın 28-də Əliyevin həyat yoldaşı Şahnaz Əliyeva hospitala gəlib, lakin ona görüş verməyiblər.

Həkim onunla görüşüb və Elxan Əliyevin vəziyyəti haqqında məlumat verib. Mayın 29-da axşam həyat yoldaşı ona zəng edib və həkimin batareyanın orqanizmdən xaric olduğu haqqında dediklərini təkzib edib. O, həmçinin hospitalda karserə salındığını, bunun ona çox əziyyət verdiyini bildirib.

“Udulmuş batareya insan üçün ölüm təhlükəsi yarada bilər, belə ki, onun tərkibində zərərli kimyəvi maddələr var”, Azərbaycan Həkimlər Birliyinin sədr müavini Aydın Əliyev bildirib.

Onun fikrincə, batareya orqanizmdə qida borusunda, - adətən uşaqlarda belə olur, - həmçinin mədədə ilişib qala bilər. Eyni zamanda, o, nazik bağırsaqdan yoğun bağırsağa keçiddə ilişib qala bilər.

“Mədə turşusunun təsiri batareyanın tərkibindəki maddələrin orqanizmə sızmasına və ciddi zəhərlənməyə səbəb ola bilər. Mümkün variantlardan biri də peritonit - orqanizmin funksiyalarını pozan qarın boşluğunun infeksion iltihabıdır, bu da təcili əməliyyat tələb edir”, həkim qeyd edib.

Həkim hamar əşyanın təbii fizioloji yolla orqanizmdən xaric ola biləcəyini istisna etməyib, lakin bir neçə gün ərzində bu baş vermirsə, tibbi müdaxiləyə ehtiyac var.

Penitensiar Xidmət Amerikanın Səsinin Elxan Əliyevlə bağlı sorğusuna hələ cavab verməyib.

Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusunun cavabında bildirib ki, 2024-cü il 18 may tarixində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Elxan Əliyev Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksində konfidensial qaydada qəbul edilib.

“Onunla söhbət aparılıb, saxlama şəraiti və rəftar məsələləri araşdırılıb. Ardınca isə Əliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Həmin şəxsin sağlamlıq vəziyyəti hazırda normaldır. Elxan Əliyevin hüquqlarının təmini və sağlamlıq vəziyyəti diqqətdə saxlanılır”, Ombudsman Aparatının cavabında deyilir.

Elxan Əliyev 2023-cü ilin iyulunda "dələduzluq" və "saxta sənəd hazırlama və istifadə etmə" ittihamı ilə həbs olunub. Fəal ittihamları uydurma adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Mayın 13-də apellyasiya şikayətinə baxılması zamanı Əliyev quru aclığa başlamaq niyyətində olduğunu bildirib.

O, mayın 15-dən 20-dək quru aclıq keçirib. Əliyevlə təcridxanada söhbət aparılıb və onun azadlığa buraxılacağına söz verildikdən sonra aclığı dayandırıb. Lakin Əliyev nə əfv sərəncamına düşüb, nə də Apellyasiya Məhkməsi onu ev dustaqlığına buraxmayıb.

Forum

XS
SM
MD
LG