Accessibility links

Həbsdə olan AXCP fəalının quru aclığa başladığı bildirilir


Elxan Əliyev (Mənbə: Facebook)
Elxan Əliyev (Mənbə: Facebook)

Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin Umbaki təcridxanasında quru aclığa başladığı bildirilir.

Onun həyat yoldaşı Şahnaz Əliyeva mayın 16-da telefon danışığından sonra Amerikanın Səsinə bildirib ki, Əliyev bu yolla “əsassız cinayət təqibinə etiraz edir.”

“Elxan ona qarşı irəli sürülən ittihamları siyasi hesab edir. Axşam saatlarında zəng edib dedi ki, artıq ikinci gündür quru aclıq keçirir. Amma onun aclığı dayandırması üçün təzyiqlər edilir. Hətta ölümlə hədələyirlər”, AXCP fəalının həyat yoldaşı bildirib.

Mayın 13-də apelyasiya şikayətinə baxılarkən Əliyev iki gündən sonra quru aclıq aksiyasına başlamaq niyyətində olduğunu bildirib.

Penitensiar Xidmət Elxan Əliyevin aclıq etməsi ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.

Elxan Əliyev 2023-cü ilin iyulunda həbs edilib. Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki müttəhim - Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Bakının Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.

Yusif Əliyev satılan torpağın sahibidir. Elxan Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən Vəfadar Axundov da bu işdə vasitəçilikdə suçlanır.

Forum

XS
SM
MD
LG