Accessibility links

AXCP fəalı dələduzluq ittihamı ilə saxlanılıb


AXCP Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev and partiyanın lideri Əli Kərimli (Mənbə: Facebook)
AXCP Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev and partiyanın lideri Əli Kərimli (Mənbə: Facebook)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev və digər iki şəxs Sabunçu Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, bir qədər əvvəl müstəniq ona zəng edərək Elxan Əliyevin Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə saxlanıldığını bildirib.

“Mən hələ ittihamın mahiyyətini bilmirəm. Bir azdan onunla görüşəcəm”, Kərimli Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Amerikanın Səsinin sorğusuna cavabında deyib ki, Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb”, o qeyd edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidmətinin əməkdaşı bildirib ki, cinayət işi üzrə həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə araşdırılan cinayət əməllərinin Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayət işi üzrə istintaq davam edir.

“Elxan Əliyev sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir”, mətbuat xidmətinin əməkdaşı Anar Qafarov qeyd edib.

Öz növbəsində Elxan Əliyev Facebook səhifəsində həbsində əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, o saxlanılmasından öncə bu videonu yayıb.

AXCP Ali Məclisnin Rəyasət Heyətinin üzvü Asif Yisifli Amerikanın Səsinə deyib ki, bu, “hakimiyyətin quraşdırdığı saxta ittihamdır”.

“Elxan Əliyevin həbsi onun siyasi fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyətin siyasətini tənqidi və AXCP-nin təşkilatlanma işində, o cümlədən son zamanlar partiyanın Ədliyyə Nazirliyində qeyidiyyata alınması üçün apardırğı aktiv fəaliyyəti ilə bağlıdır”, o qeyd edib.

Elxan Əliyev bundan öncə də bir neçə dəfə inzibati həbsə məruz qalıb.

XS
SM
MD
LG