Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Elxan Aliyev and Ali Kerimli
Elxan Aliyev and Ali Kerimli

Avqustun 4-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı şikayəti təmin etməyib.

Vəkil Nemət Kərimli bildirirb ki, Elxan Əliyev dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunsa da əməlində bu ittihamların tərkibi yoxdur.

“İttihamda torpaq alqı-satqısından söhbət gedir. Alqı-satqı prosesi də başa çatmayıb. Elxanın özünün müraciətində də var idi ki, onunla bağlı tədbir var, həbs etmək istəyirlər. O məhkəmədə dedi ki, qabaqcadan xəbərdarlıq edilmişdi ki, rayonlara çox gedir. O həbsinin birmənalı şəkildə siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi”, vəkil qeyd edib.

AXCP sədri Əli Kərimli deyib ki, Apellyasiya Məhkəməsi də siyasi sifarişi yerinə yetirib.

“Elxana bəyə qarşı itttiham qəddarlığın və insafsızlığın bariz nümunəsidir. Elxan Əliyevin həbsi təkcə qanunsuzluq, siyasi sifariş deyil, birbaşa cinayətdir. Elxan bəy imkan tapıb, bir video çəkib dostlarına göndərmişdi ki, onun həbsi üçün plan var. O demişdi ki, plana görə onu hansısa saxta bir işə cəlb etmək istəyirlər. O bu işdə istifadə olunacaq adamın adını da demişdi. Burada təkcə qanunusuz, şərlənərək həbs edilməkdən yox, Elxan bəyə qarşı cinayətin törədilməsindən söhbət gedir”.

Kərimli bildirib ki, milyonlarla manat dövlət vəsaitini mənimsəyən nazirlər, yükəsk vəzifəli şəxslər ziyanı ödədikdən sonra ev dustaqlığına buraxılır.

“Bir tərəfdə 10 milyonlarla manat mənimsəmələrdə ittiham olunan nazirlər, icra hakimiyyəti başçıları, idarə rəisləri ev dustaqlığına buraxılır, evlərində oturur. Amma, burada AXCP üzvünə nə deyirlər? Elxan bəy alqı-satqı üzrə vasitəçilik etməklə çöyərini qazanır. O niyə bu vəziyyətə düşüb? Çünki AXCP fəallarını heç yerdə işləməyə qoymurlar. O qərar verib ki, alqı-satqıda vasitəçilik etsin və burada vasitəçinin 1-2 faiz qazancı olur. Hökumət deyir ki, özününkülər miltonlarla, on milyonlarala oğurlaya bilər. Sonra onlar pulu geri qaytarıb, gedib azad gəzəcək. Amma, AXCP üzvü maklerrik də edə bilməz”, o qeyd edib.

Kərimli hesab edir ki, həbslər ölkədə real müxalifəti sarsıda bilməz.

“İndiyədək də belə həbslər olub. Biz yenə də ayaqdayıq. Mübarizəmiz davam edəcək”, AXCP sədri deyib.

İyulun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində Sabunçu Rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb,” o, qeyd edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.

Öz növbəsində Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə,” o saxlanılmasından öncə bu videonu yayıb.

Forum

XS
SM
MD
LG