Accessibility links

AXCP fəalının apellyasiya şikayətinə baxılacaq


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA )
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA )

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının həbsdə olan sədri Zamin Salayevin apellyasiya şikayəti üzrə iyulun 6-da hakim Anar İbrahimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış olacaq.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Zamin Salayevin səhhətində olan problemlər hələ də qalmaqdadır.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mayın 30-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

XS
SM
MD
LG