Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev azadlığı təmin edilməsə iyunun 6-dan su içməkdən imtina edərək quru aclığa keçəcəyini bildirirb.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev mayın 31-də Salayevlə görüşündən sonra Amerikanın Səsinə deyib.
Zamin Salayev 114 gündür aclığı davam etdirir. O hazırda su içir. Salayev ədalət bərpa olunanadək, bəraət alanadək aclığı davam etdirəcəyini deyib.
"Zaminin vəziyyəti çox ağırdır. Bu gün onunla görüşdüm. Görüşə əlil arabasında gətirdilər. Zamin Salayev 50 kiloqram çəki itirib, bu gün çəkisi 68 kiloqram olub (təcridxanaya daxil olanda çəkisi 118 kiloqram olub). Dünən qan təzyiqi 60/40 olub, bu gün 70/50 idi. Ona hər gün sistem köçürürlər və bu qan təzyiqinin qalxmasına kömək edir. Ürək döyüntüsü çox yüksəkdir, ürəyi dəqiqədə 110-120 dəfə döyünür. Böyrələrində, ürəyində, bel nahiyyəsində kəskin ağrılar var”, vəkil qeyd edib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mayın 29-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.
Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gündür aclıq edir.
ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.
"Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", səfirliyin sözçüsü qeyd edib.