Accessibility links

Dövlət Departamenti 101 gündür aclıq edən Zamin Salayevin işini izlədiyini bildirir


Vedant Patel (Mənbə: Dövlət Departamenti)
Vedant Patel (Mənbə: Dövlət Departamenti)

"Bizim Əlizamin (Zamin) Salayevin aclıq elan etdiyindən xəbərimiz var və onun işini diqqətlə izləməkdə davam edəcəyik".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mayın 17-də ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında deyib.

"Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq və bütün hakimiyyət orqanlarını Azərbaycanın öz konstitusiyasından və beynəlxalq müqavilələrdən irəli gələn insan hüquqlarına dair öhdəliklərinə uyğun addımlar atmağa çağırırıq", o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Bakının Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılb. İttiham sübut olunarsa, Salayevi 5 ilədək həbs təhlükəsi gözləyir.

Salayev öz həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq aclığa başlayıb və 101-cü gündür aclığı davam etdirir. O istintaq təcridxanasında komaya düşdükdən sonra Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Mayın 17-də aclığın 100-cü günündə Zamin Salayevin işi üzrə məhkəmə prosesində o, huşunu itirib. Qaradağ Rayon Məhkəməsində iclas dayandırılıb və "təcili yardım" briqadası çağırılıb. Həkimlər Salayevi məhkəmə zalında müayinə etdikdən və ona iynə vurduqdan sonra iclas davam edib.

Prosesdə iki şahid- hadisə yerinin yaxınlığında olan taksi sürücülərinin ifadələri dinlənilib. Ancaq onlar deyiblər ki, hadisə yerində Salayevi görməyiblər.

Digər şahidlər iki polis əməkdaşı və iki narkotik istfadəçisidir. Zərərçəkən özü prosesdə etiraf edib ki, narkomaniyadan müalicə olunub və əvvəllər mühakimə edilib.

O bildirib ki, Salayev onu bıçaqla vurub. Lakin ekspertiza rəy verib ki, ona "dərəcəsini müəyyən etmək mümkün olmayan xəsarət yetirilib".

Ekspertizanın məlumatına görə, istintaqa maddi sübut kimi təqdim edilən bıçaqda Salayevin sol əlinin şəhadət barmağının izləri aşkar edilib.

Bu zaman vəkil Fəxrəddin Mehdiyev məhkəmə heyətinə bildirib ki, bıçağı bir barmaqla tutmaq mümkün deyil.

Növbəti iclas mayın 22-nə təyin edilib.

XS
SM
MD
LG