Accessibility links

ABŞ səfirliyi AXCP fəalı Zamin Salayevin aclıq aksiyasına və həbsdə saxlanılmasına münasibət bildirib


ABŞ-ın Azərbaycandakı səfirliyi (Mənbə: ABŞ səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfirliyi (Mənbə: ABŞ səfirliyi)

"Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlar bizə məlumdur. Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirlyinin sözçüsü Turan agentliyinə bildirib.

“Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", səfirliyin sözçüsü qeyd edib.

Mayın 11-də Bakının Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Salayev artıq 94 gündür aclıq edir və azad edilməsini tələb edir. O, təcridxanada təkadamlıq kameraya köçürülüb, həkim nəzarətindədir. Salayev artıq iki dəfə huşunu itirib, yalnız məcburi sistem köçürüldükdən sonra ayılıb.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

XS
SM
MD
LG