Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev iyunun 1-dən aclığı dayandırdığını bildirib. O, həbsinə etiraz olaraq 114 gün aclıq edib.
Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.
Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail şöbəsinin sədri Ceyhun Novruzov Amerikanın Səsinə deyib ki, Zamin Salayev bu gün, iyunun 1-də ona zəng edib və aclığı dayandırdığını təsdiq edib.
“O bildirdi ki, yaxın günlərdə Bakı Apellyasiya Məhkməsində onun barəsində Qaradağ rayon Məhkəməsinin həbs hökmündən verilən şikayətə ədaldətli baxılacağı barədə söz veriblər. Apellyasiya Məhkəməsi ədalətli qərar qəbul etməsə quru aclığa başlayacaq”, Ceyhun Novruzov Amerikanın Səsinə deyib.
"Zaminin vəziyyəti çox ağırdır. Bu gün (dünən) onunla görüşdüm. Görüşə əlil arabasında gətirdilər. Zamin Salayev 50 kiloqram çəki itirib, çəkisi 68 kiloqram olub (təcridxanaya daxil olanda çəkisi 118 kiloqram olub). Dünən qan təzyiqi 60/40 olub, bu gün 70/50 idi. Ona hər gün sistem köçürürlər və bu qan təzyiqinin qalxmasına kömək edir. Ürək döyüntüsü çox yüksəkdir, ürəyi dəqiqədə 110-120 dəfə döyünür. Böyrəklərində, ürəyində, bel nahiyyəsində kəskin ağrılar var”, vəkil Fəxrəddin Mehdiyev mayın 31-də onunla görüşdən sonra Amerikanın Səsinə deyib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mayın 30-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.
Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.