Accessibility links

Həbsdə olan AXCP fəalının səhhətində problemlər yarandığı bildirilir


Elxan Əliyev (Mənbə: Facebook)
Elxan Əliyev (Mənbə: Facebook)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin səhhətində ciddi problemlər yarandığı bildirilir.

Noyabrın 9-da onun ailə üzvləri Elxan Əliyevlə görüşdən sonra bildirib ki, bir neçə gün öncə infarkt keçirdikdən sonra onun səhhəti daha da ağırlaşıb.

“Elxanın gözlərində qan damarları partlayıb, gözləri qan içindədir. Həkimlər müayinə edərkən kürəyində göyümtül ləkələr aşkar ediblər. Elxan Əliyev deyib ki, döş qəfəsində yanma və göynəmə hissi var”, AXCP Elxan Əliyevin ailə üzvlərinə istinadən məlumat yayıb.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, “siyasi məhbus Elxan Əliyevin həyatı tam təhlükə altındadır”.

“Elxan bəyi qanunsuz həbsinədək insult vurmuşdu. Dövlət xəstəxanasında keyfiyyətli tibbi yardım almadığına görə etiraz olaraq oranı tərk etmişdi. Özəl klinikada isə tibbi xərcləri qarşılamaqçün maddi imkanları yox idi. Sağlamlığı belə ağır vəziyyətdə olan günahsız insanı həbs edib, kamera şəraitində saxlayırlar. Penitensiar Xidmətin rəhbərliyindən Elxan Əliyevin müalicə müəssisəinə köçürülməsini, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicəinin təşkil edilməsini xahiş edirəm”, o qeyd edib.

Hüquq müdafiəçisi Elxan Əliyevin ailəsinin sosial durumunun da ağır olduğunu bildirib.

“Onun ailəsi üç uşaqla ağır maddi sıxıntılar içərisində kirayədə yaşayır”, Səfərov qeyd edib.

Penitensiar Xidmətdən Elxan Əliyevin sağlamlıq durumu ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

İyulun 27-də AXCP fəalı Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs- qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu, hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, o saxlanılmasından öncə video paylaşıb.

Daxili İşlər Nazirliynin Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.

Forum

XS
SM
MD
LG