Accessibility links

İnzibati həbsə məhkum olunanlar üzləşdiyi şərait haqda danışır


Əhməd Məmmədli, Elmir Abbasov, Afiəddin Məmmədov, Nurlan Qəhrəmanlı, Elxan Əliyev.
Əhməd Məmmədli, Elmir Abbasov, Afiəddin Məmmədov, Nurlan Qəhrəmanlı, Elxan Əliyev.

Hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başlayıb. Siyasətçi məntəqədəki qidaların kefiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa başladığını bildirib.

Tofiq Yaqublu
Tofiq Yaqublu

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarına görə, inzibati qaydada həbs olunan şəxslərin ərzaq normalarına sutka ərzində 700 qram 1-ci növ buğda unundan çörək, 120 qram müxtəlif yarmalar (o cümlədən 10 qram düyü), 20 qram makaron məmulatı, 100 qram ət, 100 qram balıq, bitki yağı 25 qram, marqarin (piy) 20 qram, şəkər tozu 30 qram, quru çay 1 qram, kartof 500 qram, tərəvəz 300 qram, kərəyağı 20 qram, həftədə 2 dəfə yumurta nəzərdə tutulub.

Ancaq bir sıra məhbus İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində qanunvericilikdə nəzərdə tutulmuş qidaların nəzərdə tutulduğundan az verildiyini, ya da heç verilmədiyini deyirlər.

Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi.
Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi.

“Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov 2022-ci ilin noyabr ayında 30 sutka inzibati həbs cəzası alıb. Afiəddin Məmmədov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində yeməyin keyfiyyəti və miqdarı barədə narazı olduğunu bildirib. Onun sözlərinə görə orada səhər yeməyinə az miqdarda çörək, arasında yağ, yanında isə kəmşirin çay verilirdi:

“Çayın da keyfiyyəti çox aşağı səviyyədə idi. Sanki ağ suya rəng qatılmışdı. Günorta isə makaron şorbası ilə bir parça çörək verilirdi, bir çox hallarda heç onu da yeyə bilmirdim, orada olan məhbus yoldaşlarıma verirdim. Axşam yeməyində isə makaron, ya da vermişel verilirdi, yanında bir tikə çörək və balaca bir toyuq budu verilirdi. 10 gündən bir günorta yeməyində dəyişiklik olurdu, makaron supunun yerinə mərci şorbası verilirdi”.

Afiəddin Məmmədov saxlanma şəraiti haqda
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Afiəddin Məmmədov qeyd edir ki, məhbuslara verilən yemək onun doymasına kifayət etmirdi, sadəcə acından ölməmək üçün verilirdi. O deyir ki, məhbuslara sovqat olaraq sadəcə "peçenye" və su keçirməyə icazə verilirdi, məhbusların pulu olduğu təqdirdə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin mağazasından bir neçə ərzaq ala biliblər. Məmmədovun sözlərinə görə, ərzaqlar arasında qatılaşdırılmış süd, şor, çörək, sarımsaq, soğan əldə edə bilirdilər.

“Biz 6 nəfərlik kamerada idik və həmin gün ərzində aldığımız 20-30 manatlıq yemək bizə çatmırdı. Çünki təcridxanada verilən yeməklə doymurduq. Əsasən xəmir xörəklərinin verilməsi insanlarda mədə-bağırsaq problemləri də yaradırdı. Mən orada olduğum 30 gün müddətində sadəcə 5 dəfə ayaqyoluna gedə bilmişəm, bu da səhhətimdə fəsadlara yol açmışdı” - deyə, Afiəddin Məmmədov bildirib.

Jurnalist Nurlan Qəhrəmanlı 2019-cu ildə 21 gün inzibati həbsdə olduğunu deyir. O qeyd edir ki, insan orada verilən yeməklə doyduğunu hiss eləmir. Qəhrəmanlının sözlərinə görə, onun inzibati həbsdə olduğu vaxtlarda kənardan dönər ala bilirmişlər:

Nurlan Qəhrəmanlı saxlanma şəraiti haqda
please wait

No media source currently available

0:00 0:06:01 0:00

“Verilən dönərin əti də keyfiyyətli olmurdu, sadəcə qarnını tox tuturdu. Qıraqdan xama və çörək ala bilirdik və onunla yeyə bilirdik. Ancaq peçenye icazə verilirdi və 5 litrlik içməli su. Yeməklə bağlı çox ciddi problemlər var idi”.

Nurlan Qəhrəmanlı deyir ki, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində gigiyenik şərait də qənaətbəxş olmayıb. O bildirir ki, çimmək üçün həftədə 1 dəfə icazə verilirdi və yemək verilən qabların da steril olmadığını deyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev indiyədək 9 dəfə inzibati həbs cəzası alıb.

“Biz bu məsələni çox da ictimailəşdirməmişik deməsinlər ki, bura gəlib boğazlarının davasını döyürlər, amma bərbad vəziyyətdədir. Çöldən nəsə almaq istəyəndə imkan vermirlər, ancaq məntəqənin özündən ala bilərsən. Onların da qiyməti az qala 100% olduğu qiymətdən bahadır” - deyə, Əliyev bildirib.

Elxan Əliyev saxlanma şəraiti haqda
please wait

No media source currently available

0:00 0:05:56 0:00

Elxan Əliyevin sözlərinə görə məntəqədə aclıq edən dustaqlara qarşı da münasibət birmənalı olmur:

“Məhbusu zor tətbiq olunacağı ilə bağlı təhdid edirlər, aparıb “rezin” otağa salırlar. O otaq elədir ki, 3-4 saatdan artıq nəfəs almaq olmur, yəni orada sənə işgəncə edirlər. Bizim kimi siyasi məhbuslara bu formada edirlər, adi dustaqlara isə münasibət daha dəhşətlidir”.

Ötən ilin sentyabrında 30 günlük inzibati həbs cəzası almış, “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli deyir ki, məhbuslar orada sağlam qidalana bilmirdilər və dövlət büdcəsindən ayrılan vəsait məhbuslara gəlib çatmırdı. Məmmədli qeyd edir ki, məhbusun kənardan alıb gətirəcəyi ərzaqlar da məhduddur:

Əhməd Məmmədli saxlanma şəraiti haqda
please wait

No media source currently available

0:00 0:05:04 0:00

“Mən deyərdim ki, ayrılan vəsaitdən daha ucuz qidalar gəlir, o da məhbusun sadəcə ayaqda qalması, nəfəs alması üçün yetir. 10 kameraya qədər yeməklər isti şəraitdə çatdırılır, yeməklərin ağzı açıq gətirilirdi və qablar da o qədər gigiyenik olmurdu, artıq 30-cu kameraya yemək çatanda yemək soyuq formada çatırdı. Bir çox hallarda məhbuslar ondan imtina edirdilər”.

Əhməd Məmmədli təcridxanada aclıq edərkən məhbusların hüquqlarının məhdudlaşdırıldığını da deyir. Onun sözlərinə görə, o, təcridxanada aclıq edərkən yaxınları ilə telefon danışıqlarına icazə verilməyib və aclıq etdiyi ilə bağlı ərizə yazsa da, onun ərizəsi qəbul edilməyib.

Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Elmir Abbasov 2021-ci ildə 2 dəfə olmaqla, ümumilikdə 60 gün inzibati həbs cəzası alıb.

“Orada olduğum müddətdə bu “menyu” heç dəyişmədi. Qanunvericilikdə göstərilir ki, müəyyən qədər ət, yağ, yumurta və s. ərzaqlar verilməlidir. Yəni fərqli çeşiddə olan məhsullar minimal da olsa məhbusa verilməlidir, amma mən orada olduğum müddətdə bunların heç biri ilə qarşılaşmadım. Bir insanın qəbul edə biləcəyi kalori miqdarı heç cür qarşılanmırdı” - deyə, Abbasov bildirib.

Elmir Abbasov saxlanma şəraiti haqda danışır
please wait

No media source currently available

0:00 0:08:12 0:00

Elmir Abbasovun sözlərinə görə, o, iki dəfə inzibati həbsdə olduğu müddətdə 3-4 kiloqram çəki itirib:

“Kağız üzərində dövlətin ayırdığı müəyyən şeylər var, onların heç biri ilə sən orada qarşılaşmırsan. Təbii ki, insanda sual yaranır, kağız üstündə varsa, sən bunlarla qarşılaşmırsansa, demək ki, burada bir korrupsiya faktı var. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan həbsxanaları böyük bir korrupsiya mənbəyidir, yəni ayrılan invertar məhbuslara gəlib çatmır. Bu isə ciddi məsələdir”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarına görə, nəzərdə tutulmuş ərzaq məhsulları 3401 kilokaloriyə bərabərdir.

Elşad Hacıyev
Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir. Onun sözlərinə görə saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır:

“Həmin normativ çərçivəsində saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar verilir. Məntəqədəki qidaların keyfiyyəti, ümumiyyətlə, keyfiyyətsiz ərzaq məhsullarının saxlanılan şəxslərə verilməsilə bağlı iddialar tam əsassızdır. İndiyə kimi orada saxlanılan şəxslərin sağlamlığında hər hansı xoşagəlməz hal müşahidə edilməyib”.

XS
SM
MD
LG