Accessibility links

Məhkəmə AXCP fəalını ev dustaqlığına buraxmayıb


Elxan Əliyev (Mənbə: Facebook)
Elxan Əliyev (Mənbə: Facebook)

Sentyabrın 9-da Bakının Sabunçu rayon Məhkəməsi hakim Nilufər Cəfərlinin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsiniə bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“Elxan Əliyev məhkəmədə iştirak edirdi. O sədrlik edənin diqqətinə çatdırdı ki, həbsi siyasi fəaliyyəti ilə bağlıdır. AXCP üzvü olduğuna görə sifarişlə həbs edilib. O dedi ki, hərəkətində hər hansı suç yoxdur. Sadəcə torpaq alqı-satqısı etmək istəyiblər və bu zaman həbs ediblər. O dedi ki, çinayət işi qabaqcadan hazır idi. Saat 9-da həbs edilib, artıq saat 10-da hazır cinayət işini ona göstəriblər”, vəkil qeyd edib.

Bundan öncə, avqustun 4-də Bakı Apellyasiya Məhkəməsi Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı şikayəti təmin etməyib.

AXCP sədri Əli Kərimli deyib ki, Elxan Əliyevə qarşı itttiham qəddarlığın və insafsızlığın bariz nümunəsidir.

“Elxan Əliyevin həbsi təkcə qanunsuzluq, siyasi sifariş deyil, birbaşa cinayətdir. Elxan bəy imkan tapıb, bir video çəkib dostlarına göndərmişdi ki, onun həbsi üçün plan var. O demişdi ki, plana görə onu hansısa saxta bir işə cəlb etmək istəyirlər. O bu işdə istifadə olunacaq adamın adını da demişdi. Burada təkcə qanunsuzluq, şərlənərək həbs edilməkdən yox, Elxan bəyə qarşı cinayətin törədilməsindən söhbət gedir”, o qeyd edib.

İyulun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində Sabunçu Rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb,” o, qeyd edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.

Öz növbəsində Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.

“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə,” o saxlanılmasından öncə bu videonu yayıb.

Forum

XS
SM
MD
LG