Accessibility links

AXCP fəalının təcridxanada aclıq etdiyi bildirilir


Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Mehman Əliyev 4 gündür ki, təcridxanada aclıq etdiyi bildirilir.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, iyunun 4-də Bakı İstintaq Təcridxanasında Mehman Əliyev ilə görüşüb.

Vəkil qeyd edir ki, Mehman Əliyev müdafiəçisinə, həm saxlanılarkən, həm də sonradan polis şöbəsində işgəncəyə məruz qaldığını, bütün bunlara etiraz olaraq, iyunun 1-dən aclığa başladığını deyib.

Fəxrəddin Mehdiyev bildirir ki, Əliyev həbs olunandan sonra ailə üzvlərilə görüşə bilməyib.

Onun sözlərinə görə, heç bir əsas olmadan bu hüquqları məhdudlaşdırılır.

Bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Vəkil Mehman Əliyevin ailə üzvlərilə görüş qadağasını qanunsuz və əsassız hesab edir. Müdafiəçi bildirib ki, müvəkkilinin polislər tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar prokurorluğa şikayət edəcək.

Bu deyilənlərlə bağlı Azərbaycan Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Amma bir qayda olaraq DİN işgəncə ilə bağlı deyilən iddiaları təkzib edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Mehman Əliyevin sosial şəbəkələrdə video yaydığına görə həbs olunduğunu bildirir.

Mehman Əliyevin atası Aydın Əliyev də bildirib ki, oğlu Şirvan şəhərində qohumu Əli İsayevin zorla saxlanılmasına dair videokadrları yaydıqdan sonra saxlanılıb.

Daha sonra polis videonun silinməsini istəyib, lakin Mehman imtina edib.

Nəticədə həm Əli İsayev, həm də Mehman Əliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Əliyevin bu partiyanın üzvü olduğunu təsdiqləyib və onun həbsini videonun yayılması ilə əlaqələndirib.

Mayın 24-də Daxili İşlər Nazirliyi bildirib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub.

“Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslər - Şirvan şəhər sakinləri 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu və 1983-cü il təvəllüdlü Əliyev Mehman Aydın oğlundan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb”, nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Forum

XS
SM
MD
LG