Accessibility links

AXCP fəalının "kars"a salındığı bildirilir


Aqil Hümbətov
Aqil Hümbətov

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində döyülərək “kars”a (cəza kamerası) salındığını bildirilir. Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

Onun sözlərinə görə Aqil Hümbətov iki gündür evə zəng etmir, lakin bu xəbəri ona həbsxanadan başqa məhbus yoldaşı verib.

“Mən bununla bağlı Ombudsmana zəng elədim, dedilər ki, yoldaşına heç bir təzyiq yoxdur, sadəcə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Lakin mən buna inanmıram, ona görə də sabah həmin yerə gedəcəm. Çünki yoldaşım orada olsa evlə əlaqə saxlayardı, mən çox narahatam”, o bildirib.

Hümbətova fəalın əfv sərəncamına etiraz etdiyinə görə “kars”a salındığını deyib.

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə 154 nəfər məhbus əfv olunub. Hüquq müdafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Həbsindən bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.

Hökumət rəsmiləri ölkədə heç kimin fikirlərinə görə həbs edilmədiyini və təzyiqə məruz qalmadığını deyir. Azərbaycan hökuməti ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

Forum

XS
SM
MD
LG