Accessibility links

Müxalifət partiyaları Rəsulzadənin abidəsini ziyarət edib 


28 May - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündə bir neçə siyasi partiya və ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsində yerləşən abidəsini ziyarət ediblər.

Kəndin girişindən heykələ qədər davam edən yürüşdə “Azərbaycan”, “Məhəmməd Əmin Rəsulzadə” şüarları səsləndirilib.

Müsavat partiyasının başqanı İsa Qəmbər Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu ənənələrin yaşamağa davam etdiyini deyib.

Müsavat partiyasının başqanı İsa Qəmbər
Müsavat partiyasının başqanı İsa Qəmbər

“Adını nə qoyurlar qoysunlar, bu bayram Azərbaycan xalqının çoxillik tarixinin ən şərəfli günüdür. Azərbaycan xalqı tarix boyu çox dövlətlər qurub. Demokratik, müasir dövrə uyğun dövlət ilk dəfə 1918-ci ilin 27-28 mayında qurulub. Bu dövləti Məhəmməd Əmin Rəsulzadə qurub. Ona görə də, bu cümhuriyyətin qurulma gününü məhz Novxanıda qeyd etməyimizin əsas səbəbi odur ki, cümhuriyyətimizin əsas qurucusu Rəsulzadədir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura da Rəsulzadənin abidəsini ziyarət edib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, onların dövlətçilik tarixindəki rolundan danışıb.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli

“Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birlik tərəfindən de-fakto tanındı. Bir zamanlar Məhəmməd Hadi istirab keçirirdi ki, yoxdur millətimizin imzası imzalar içində. 1920-ci ilin yanvar ayının 11-də cümhuriyyət buna nail oldu. Millətimizin imzasını imzalar içərisinə həkk etdi. Cümhuriyyətin hədəfləri millətimizin haqqı və hüququ idi”.

AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, hər il anım tədbiri səbəbilə partiya üzvlərinə müxtəlif maneələr yaradılır.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

“Dünəndən ölkənin müxtəlif bölgələrində kimlərin bugünkü tədbirə gələcəyini eşidiblərsə onları polisə çağırıblar. Baxmayaraq ki, Mikki Şura və Axcp-nin heç bir publik çağırışı olmayıb, yalnız Xalq Cəbhəsi təşkilatının fəallarının gücü ilə burada izdiham yaşanır. Və bu izdiham deyir ki, Azərbaycan Rəsulzadə yolundadır. Şərlənərək həbs olunmuş 300 nəfər siyasi məhbusa, hörmətli Tofiq Yaqublu başda olmaqla, azadlıq tələb edirik”.

Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir. Bu il müsəlman çoxluğa malik ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümüdür.

Müstəqillik Günü dövlət bayramları sırasına daxildir, ölkədə iş günü deyil. Bu gün ümumxalq səviyyəsində qeyd edilir. Çoxsaylı insanlar, siyasi partiya təmsilçiləri Bakıın Novxanı kəndində respublikanın qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir, bayram toplantıları keçirir.

Forum

XS
SM
MD
LG