Accessibility links

Heydər Əliyevin heykəlinə "Stalin" yazan fəal barəsində hökm dəyişdirilib


Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)
Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, Mərkəzi Bankın önündəki parkda Heydər Əliyevin heykəlinə "Stalin" yazan Elbəyi Kərimli haqqında hökmü dəyişib.

Bu ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsi fəala Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə 6 il həbs cəzası verib. Apellyasiya Məhkəməsi əvvəlki maddəni tövsif edərək Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsi ilə qərar çıxarıb və fəalın cəza müddəti 5 ilə endirilib.

Kərimli məhkəmədə çıxış edərək narkotik ittihamının saxta olduğunu və Heydər Əliyevin heykəlini yazdıqdan sonra şərlənərək həbs olunduğunu bildirib. Fəal cibinə narkotikin polis bölməsində qoyulduğunu deyib.

Vəkil Nemət Kərimli qərarla razılaşmadıqlarını, fəala bəraət istədiklərini deyib:

"Qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik, çünki narkotikin ona heç bir aidiyyəti yoxdur".

Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Vəkil Amerikanın Səsinə deyib ki, Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur.

"Elbəyi Kərimli məhkəmədə bildirdi ki, ittihamı qəbul etmir, siyasi sifarişdir. O dedi ki, həbsinin əsas səbəbi ötən ilin yayında Bakıda Heydər Əliyevin heykəli üzərinə "Stalin" sözləri yazmasıdır. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində ona işgəncələr verildikdən sonra narkotik ittihamını qəbul edib", deyə, vəkil qeyd edib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq işgəncələrlə bağlı bəyanatları qəbul etmir və özünümüdafiə məqsədi daşıdığını bildirir.

AXCP bildirir ki, bu partiyanın 11 nəfər fəalı siyasi fəaliyyətinə, tənqidi baxışlarına görə həbsdədir. Məlumatda deyilir ki, hazırda AXCP fəalları Şahin Hacıyev, Elxan Əliyev, Zamin Salayev, Niyameddin Əhmədov, Pünhan Kərimli, Mütəllim Orucov, Aqil Hümbətov, Razi Alışov, Elbəyi Kərimov, Elnur Həsənov və Sahib Məmmədzadə həbsdədir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Forum

XS
SM
MD
LG