Accessibility links

Milli Şura mitinq təyin edib


Milli Şura mitinq keçirib, arxiv foto
Milli Şura mitinq keçirib, arxiv foto

Demokratik Qüvvələrin Milli Şurası 21 aprel tarixinə mitinq təyin edib. Bu barədə məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yayıb. O bildirib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə üç məkan təklifi edəcəklər.

"Mitinq 21 aprel, saat 15-a təyin olunub. Məkan üçün 28 may meydanı, Nərimanov metrosunun qarşısındakı meydan və Məhsul stadionunu təklif edəcəyik. Hakimiyyət ya mitinqlərin üzərində 5 ildir davam edən qadağanı nəhayət götürəcək, ya da etiraf edəcək ki, ağır repressiyalara məruz qoyduğu, hər cür resursdan məhrum etdiyi müxalifətlə də mitinq meydanlarında yarışmağa qorxur, qarşıdan gələn parlament seçkilərini də həmişəki kimi saxtalaşdırmağa hazırlaşır".

Əli Kərimli
Əli Kərimli

AXCP sədrinin sözlərinə görə, bir neçə ay sonra parlament seçkiləri keçiriləcək və etiraz aksiyaları ilə vəziyyəti minimal da olsa, dəyişmək niyyətindədirlər.

"Tofiq Yaqublu, Qubad İbadoğlu, “Toplum TV”nin, “Abzas Media”nın jurnalistlərinə, inanclı insanlara, ümumilikdə 289 siyasi məhbusa görə mintinq etmək fikrindəyik. Mitinq meydanlarında seçki islahatı tələb etmək niyyətindəyik. Azərbaycan hökuməti inflyasiyanı kompensasiya haqda düşünmür, sosial vəziyyət günü-gündən pisləşir. Buna görə biz sosial islahatlar da tələb etmək niyyətindəyik", deyə AXCP sədri qeyd edib.

Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması və Rusiya ordusunun Azərbaycandan çıxarılması olacaq.

Rəsmi qurumlar mitinqlə bağlı mövqe bildirməyiblər.

Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG