Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində ölkədə seçkiqabağı mühitdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda bu il parlament seçkiləri keçiriləcək. Azərbaycan Xalq Cəbhəsi Partiyası serçkilərə qatılacaq?
Seymur Həzi: Azərbaycan Xalq Cəbhəsi Partiyası bütün dövrlərdə seçkilərdə iştirak məsələlərini müzakirə edir. Amma seçkidə iştirak edib- etməməklə bağlı, rəsmən seçki elan olunandan sonra AXCP-nin strukturlarında müzakirələr olacaq və bununla bağlı qərar qəbul ediləcək. Hazırda biz ölkədə demokratik bir seçki keçirilərsə, seçkilərdə mütləq iştirak edəcəyik. Amma bizim başqa qərarımız seçkiqabağı mühitlə, seçki qanunvericiliyi ilə bağlı ola bilər.
Amerikanın Səsi: Sizin partiya ölkədəki seçkiqabağı mühiti necə qiymətləndirir? Müxalifətdə olan siyasi partiyalar öz fikrini ictimaiyyətin və hökumətin diqqətinə çatdırması üçün hansı üsullardan istifadə edir?
Seymur Həzi: Əvvəla, Azərbaycan Respublikasında hal-hazırda Azərbaycanın dövlət büdcəsindən, yəni əhalinin cibindən maliyyələşən İctimai Televiziya və Azərbaycan Dövlət Televiziyası müxalifət partiyalarının üzünə qapalıdır. Azərbaycanda nəinki dövlət televiziyası, ictimai televiziya, hətta özünü müstəqil adlandıran özəl televiziya kanalları da müxalifət partiyalarının üzünə qapalıdır. Azərbaycanda seçki kampaniyalarının təşkil olunması əsas müxalifət qüvvələrindən kənarda baş verir. Eyni zamanda, sərbəst toplaşmaq azadlığı yoxdur, 300-dən çox siyasi məhbus var. Aparıcı ictimai-siyasi xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları həbsdədirlər. Bu baxımdan biz hesab edirik ki, ölkədə heç bir azad və ədalətli rəqabət mühiti yoxdur. Bu seçkinin azad və ədalətli olmamasından əlavə, şəffaf olmadığı da ortadadır. Ölkədə seçki kontekstində şəffaf bir saxtakarlıq mühiti var.
Amerikanın Səsi: ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanın indiyədək keçirdiyi bütün seçkilərin Avropa İttifaqının standartlarına uyğun olmadığını bildirib. Seçkilərin Avropa standartlarına uyğun olması üçün nə edilməlidir?
Azərbaycanda toplaşma və ifadə azadlığı fundamental qaydada sıradan çıxarılıb.
Seymur Həzi: Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyası (AŞPA) qarşısında götürdüyü ilkin öhdəliklər yerinə yetirilməlidir. Venesiya Komissiyasının bu istiqamətdə təklifləri nəzərdən keçirilməlidir. Plülarist çoxpartiyalı sistemin qarşısı açılmalıdır. Azərbaycanda siyasi rəqabəti orta Avropa siyasi rəqabət mühitinə, yəni Mərkəzi Avropa ölkələri standartlarına qaldırmaq lazımdır. Hal-hazırda isə Azərbaycan sürətlə Orta Asiya ölkələrinə doğru gedir və heç bir rəqabətdən söhbət getməyən, seçki adlandırılması çətin olan bir prosesə doğru gedirik. Çünki rəqabət yoxdursa, orada seçkidən danışmaq da yersizdir.
Amerikanın Səsi: Azərbaycanda siyasi partiyaların fikrini cəmiyyətə çatdırmaq üçün toplaşmaq azadlığı təmin edilirmi? Çünki sizin sərbəst tooplaşmaqla bağlı müraciətləriniz bir neçə dəfə qəbul edilməyib?
Seymur Həzi: Azərbaycanda toplaşma və ifadə azadlığı fundamental qaydada sıradan çıxarılıb. Bilmirəm hökümət bundan sonra daha sərt qanunvericilik formasını tapacaq və ya tapmayacaq bilmirəm, ancaq hazırkı qanunvericilik konstitusiyaya tam ziddir. Bizim AŞPA qarşısında götürdüyümüz ilkin öhdəliklərə ziddir. Nəinki müxalifət partiyaları, ictimai birliklər, vətəndaş cəmiyyəti fəalları, hətta sadə insanlar belə ən adi sadə sosial problemləri etiraz şəklində ifadə edə bilmirlər. Azərbaycan bütün mənalarda, ictimai həyatın bütün təmsilçilərinin timsalında ifadə azadlığının qısıtlandığı bir ölkədir. Bizim müraciət elədiyimiz aksiyalarla bağlı hökümətin müxtəlif orqanları birlikdə və ya ayrılıqda yox cavabları veriblər. AXCP bunları məhkəmələrdə mübahisələndirəcək.
Amerikanın Səsi: Bu yaxınlarda AXCP-dən başqa bütün siyasi partiyalar Prezident Adminisrasiyasının məsul şəxsi ilə ölkədəki siyasi prosesləri müzakirə edib. Sizin təmsil etdiyiniz siyasi partiyanın bu görüşə qatılmamasının səbəbi nədir?
Seymur Həzi: Əvvəla, Azərbaycan Xalq Cəbhəsi Partiyası belə bir dəvət almayıb. Alsaydı biz bunu təbii ki müsbət qiymətləndirəcəyimizi deyə bilmərəm. Biz bunu mənfi qiymətləndirəcəydik. Hətta bu tədbir baş tutandan sonra orada iştirak edən siyasi partiyalar cəmiyyətə aydın bir mövqe ifadə edə bilməyiblər ki, bu dialoq idimi, ya dialoq deyildi. Nəyi müzakirə edirdilər və nəticəsi nə oldu? Belə bir qeyri-müəyyən tədbirdə hökümətin başına toplaşmağı biz məqsədəuyğun hesab etmirik. Düşünürük ki, biz hökümətin təmsilçiləri ilə hansısa vaxtda bir araya gələcəyiksə, bu səlahiyyətli şəxslərin əvvəlcədən müəyyən olunmuş bir predmet üzrə və nəticəvi danışıqları ola bilər. Cəmiyyət də nəticəni bilər ki, biz getdik, danışdıq hansısa nəticə oldu. Düşünürəm ki, bu, ictimaiyyət üçün də bir "SOS" olmalıdır ki, hökümət Xalq Cəbhəsindən kənarda bu 25 siyasi təşkilatla hansısa bir proses apardığı vaxtda bizim qurultayın nəticələrini mübahisələndirir. Ədliyyə Nazirliyi bizim son qurultayımızın nəticələrini mübahisələndirməklə məşğuldur. Yəni, bizə digər siyasi qüvvələrdən tamamilə fərqli, qərəzli və aqressiv, qeyri-qanuni və qeyri-adekvat bir mövqe var.
Qeyd: Bu müxalifətdə olan AXCP sədrinin müavinin fikirləridir. Rəsmi Bakı isə ölkədə bütün fundamental hüqquların, o cümlədən söz, mətbuat azadlğının tam təmin edildiyini bəyan edir. Dövlət rəhbərləri siyasi məhbusların olmadığını, insanların iradəsinə görə təqib olunmadığını bildirir. Azərbaycanın yüksək dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu iddia edir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə üç yüzədək insanı siyasi məhbus kimi tanıyıb.
Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb.
Forum