Accessibility links

Həbsdə olan AXCP fəalının 5 gündür quru aclığı davam etdirdiyi bildirilir


Elxan Əliyev və Əli Kərimli
Elxan Əliyev və Əli Kərimli

Mayın 15-də Umbaki təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev 5 gündür aclığı davam etdirir.

Bu barədə onunla mayın 18-də telefon danışığından sonra həyat yoldaşı Şahnaz Əliyeva Amerikanın Səsinə bildirib.

“Elxan çox az danışdı. Səsi zəif idi. Aclığı sona qədər davam etdirəcəyini bildirdi. Biz Elxanın səhhətindən çox narahatıq. O mayın 19-da yenidən telefonla danışacağını desə də, bu gün zəng etməyib”, Şahnaz Əliyeva qeyd edib.

Onun sözlərinə görə, həyat yoldaşı iki dəfə insult keçirib, həbsxanada isə mikroinfarkt keçirib.

Elxan Əliyev ona qarşı irəli sürülən ittihamların siyasi sifariş olmasını bildirib və ədalətsiz məhkəmə hökmünə etiraz olaraq aclıq etdiyini bəyan edib.

Penitensiar Xidmət hələ Elxan Əliyevin aclıq aksiyası ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, siyasi məhbus, AXCP funksioneri Elxan Əliyevin həyatı təhlükədədir.

“Elxan bəy mayın 15-dən quru aclığa başlayıb. Elxan bəy çox ağır xəstədir. 2 dəfə insult keçirib. Beyin damarlarının anevrizmasından (genişlənmə) əziyyət çəkir. Tanıyanlar bilir ki, həbsindən əvvəl də Elxan bəyin həyatına ciddi təhlükə var idi. Elxan bəy müxtəlif xəstəxanalarda aylarla müalicə olunmuşdu. Baxın, rejim belə bir ağır xəstəni şərləyərək 5 il müddətinə azadlıqdan məhrum edib. Elxan bəyin 3 azyaşlı övladı var. İndi o bilmir ki, öz xəstəliyinin dərdini çəksin, yoxsa kirayədə qalan ailəsinin, 3 azyaşlı uşağının dərdini çəksin. Elxan bəy məhz çarəsizlikdən quru aclığa başlayıb, bu da faktiki intihara cəhddir”, o Facebook səhifəsində qeyd edib.

Elxan Əliyev 2023-cü ilin iyulunda həbs edilib. Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki müttəhim - Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Bakının Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.

Yusif Əliyev satılan torpağın sahibidir. Elxan Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən Vəfadar Axundov da bu işdə vasitəçilikdə suçlanır

Forum

XS
SM
MD
LG