Mayın 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan (MR) Muxtar Respublikası Şərur rayon şöbəsinin fəalı İmran Qurbanlının Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy Amerikanın Səsinə bildirib ki, bu gün Qurbanlının özü ona zəng edərək, Şərur rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə aparıldığını bildirib.
“İmran Qurbanlı iyirmi ildən çoxdur Türkiyədə fəhləliklə məşğuldur. O, ailəsini İstanbulda fəhləliklə qazandığı vəsaitlə dolandırır. Qurbanlı ildə bir neçə dəfə ailəsinə baş çəkir. İndi də mayın 18-də Şərurda yaşayan ailəsinə baş çəkmək üçün gəlmişdi. Hesab edirik ki, onun saxlanılması sosial şəbəkələrdə iqtidarı tənqid etməsi ilə bağlıdır”, Yaşar Bağırsoy qeyd edib.
Amerikanın Səsinin sorğusuna cavabda İmran Qurbanlının saxlanılmasını Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.
“Həmin şəxs saxlanılıb, barəsində araşdırma aparılır”, Mətbuat xidmətindən bildiriblər.
Bununla yanaşı, Mətbuat xidməti Qurbanlı ilə bağlı aparılan araşdırmanın məzmunu barədə hələ məlumat verməyib.
Forum