Accessibility links

AXCP fəalının quru aclığı davam etdirdiyini bildirir


Elnur Həsənov
Elnur Həsənov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir.

Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Amerikanın Səsinə bildiriblər.

“Telefon danışığı zamanı ümumi halsızlığı hiss edilirdi. Səsi zəif idi. Təcridxanada onun aclıq etdiyini qeydə alıblar. Aprelin 21-də təcridxananın tibb məntəqsinin həkimləri Elnur Həsənovun təzyiqini, ürək döyüntüsünü ölçüb. Bu gün isə deyiblər ki, onu təcridxananın tibb məntəqəsinə aparıb, orada ətraflı müayinə edəcəklər. Amma hələ ümumi kamerada saxlanılır”, AXCP-dən deyiblər.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin Elnur Həsənovun aclıq etməsi ilə bağlı sorğusuna hələ cavab verməyib.

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib. O məhkəmə iclasında proses başlamazdan bir gün əvvəl Penitensiar Xidmətin əməkdaşlarının məhkəmədə çıxış üçün hazırladığı mətni müsadirə etdiklərini bildirib.

Həsənov çıxışının alınmasına və ümumiyyətlə həbsinə etiraz olaraq aprelin 18-dən quru aclığa başladığını bildirib.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin edilib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Forum

XS
SM
MD
LG