Accessibility links

AXCP fəalı 6 il həbsə məhkum edilib


Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)
Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elbəyi Kərimlini 6 il həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

O, məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkil Amerikanın Səsinə deyib ki, Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur.

"Elbəyi Kərimli məhkəmədə bildirdi ki, ittihamı qəbul etmir, siyasi sifarişdir. O dedi ki, həbsinin əsas səbəbi ötən ilin yayında Bakıda Heydər Əliyevin heykəli üzərinə "Stalin" sözləri yazmasıdır. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində ona işgəncələr verildikdən sonra narkotik ittihamını qəbul edib", vəkil qeyd edib.

AXCP bildirir ki, Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq işgəncələrlə bağlı bəyanatları qəbul etmir və özünümüdafiə məqsədi daşıdığını bildirir.

AXCP bildirir ki, bu partiyanın 11 nəfər fəalı siyasi fəaliyyətinə, tənqidi baxışlarına görə həbsdədir. Məlumatda deyilir ki, hazırda AXCP fəalları Şahin Hacıyev, Elxan Əliyev, Zamin Salayev, Niyameddin Əhmədov, Pünhan Kərimli, Mütəllim Orucov, Aqil Hümbətov, Razi Alışov, Elbəyi Kərimov, Elnur Həsənov və Sahib Məmmədzadə həbsdədir.

Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG