Həbsxanada artıq 15 gündür aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədovun səhhəti ağır olaraq qalır. Ona həkim nəzarəti yoxdur, təzyiqi tez-tez dəyişir.
Bu barədə martın 26-da Əhmədovun saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.
“Mən AXCP sədrinin aclığı dayandırması barədə xahişini Əhmədova çatdırdım. O, aclığı dayandırmadı və bu barədə qərarını yaxın zamanda zəng edib bildirəcəyini dedi”, vəkil qeyd edib.
AXCP-nin məlumatına görə, bu partiyanın həbsdəki fəalı Niyaməddin Əhmədov saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində martın 12-də aclıq aksiyasına başlayıb.
AXCP Niyaməddin Əhmədovun təcridxanada ona qarşı olan haqsızlıqlara etiraz olaraq aclıq etdiyini bildirir.
Bununla yanaşı, Əhmədovun aclıq etməsi ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.
İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.
AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.
Forum