Accessibility links

AXCP fəalı Niyaməddin Əhmədovun həbsxanada aclıq etdiyi bildirilir


Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı
Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki fəalı Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

AXCP-nin məlumatında deyilir ki, Əhmədov martın 15-də aclıq aksiyaysına başlayıb və artıq 7 gündür aclıq edir.

"Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmir, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumları ilə görüşə problem yaradılır. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən kitabça ona verilməyib. Niyaməddin Əhmədov bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə təcridxanasına) salınıb", AXCP bildirir.

AXCP-nin məlumatına görə, Əhmədov cərimə kamerasından çıxdığı gün onun başını zorla qırxıblar.

“Əhmədov bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub”, AXCP qeyd edir.

Bununla yanaşı, Əhmədovun aclıq etməsi ilə bağlı məlumata Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Bayram günləri olduğundan xidmət işləmir.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP bu ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG