Accessibility links

AXCP fəalının həbs yerində işgəncəyə məruz qaldığını bildirir


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Niyaməddin Əhmədov fiziki təzyiqlərə və işgəncələrə məruz qalıb. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.

"Onu döyüblər, saçını kəsiblər və bir neçə gün karserdə (cərimə təcridxanası) saxlayıblar. Ümumi baraka qayıdandan sonra Əhmədova töhmət veriblər, cəzasını sərtləşdirməklə, Qobustan qapalı həbsxanasına göndərilməklə hədələyiblər," AXCP bildirir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildirblər ki, cəzaçəkmə müəssisələrində bütün məhbuslar qanunvericiliyin tələbləri əsasında daxili intizam qaydalarına uyğun olaraq saxlanılır.

“Əgər Niyaməddin Əhmədov ona qarşı qanunazidd hərəkətlərin olduğunu hesab edirsə Penitensiar Xidmətin baş idarəsinə müraciət etsin. Onun müraciətinə baxılacaq,“ İctimaiyyətlə Əlaqələr Şöbəsindən deyiblər.

Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

2020-ci il aprelin 16-da karantin rejimini pozma və polisə müqavimət ittihamı ilə saxlanılıb və 30 sutka müddətinə həbs edilib.

Sonra səbəb kimi xaricdən pul alınmasını göstərərək ona qarşı terrorizmi maliyyələşdirmək ittihamı irəli sürülüb.

Əhmədov məhkəmədə bildirib ki, həbsdə olarkən işgəncələrə məruz qalıb, onu partiya liderinin əleyhinə ifadə verməyə məcbur ediblər. Lakin o ifadə verməyib.

2021-ci il oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib. Martın 2-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG